Bu qədər avtomobil harada park ediləcək?

“Qəbul edəcəyimiz bu qanun təkcə Bakı şəhərində deyil, Azərbaycanın digər rayonlarında da qüvvədə olacaq”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri parlamentin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklə bağlı müzakirə zamanı səsləndirib: “Bakı Nəqliyyat Agentliyi isə yalnız Bakı şəhərində fəaliyyət göstərir. Rayonlarda yolların vəziyyəti çox bərbadır. Rayon mərkəzlərindəki bəzi küçələr isrisna olmaqla digər küçələrdə asfalt örtüyü pis vəziyyətdədir. Yolun kənarları ovulub, ora xəttlərin çəkilməsi də mümkün deyil. Bu, mütləq nəzərə alınmalıdır. İkincisi, yolların kənarı ilə xətlərin çəkilməsi, dayanma nişanlarının götürülməsi ilə əlaqədar olaraq komitə iclasında geniş müzakirə aparıldı. Həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, həmin iclasa Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı da həmin iclasa qatılmışdı. Biz, onun da fikrini dinlədik. O da bildirdi ki, nişanların götürülməsi müəyyən problemlər yaradacaq. Onu da qeyd etdi ki, yollara bitişik olan səkilərin üzərində avtomobillərin saxlanılmasının qadağan olunması və cərimənin 40 manata çatdırılması müəyyən çətinliklər yaradacaq. Həqiqətən də Bakı şəhərində yolların işıqlandırılmasında ciddi problemlər var. Avropada görmüşük ki, işıq dirəkləri həm yolun ortasında olmaqla yanaşı, eyni zamanda yolun hər iki kənarında var. Azərbaycanda əksər küçələrdə işıqlandırma dirəkləri yalnız yolun ortasındadır. Hətta səkilər qaranlıq olur. İqlim dəyişikliyi var və dünyanın hər yerində bununla bağlı problemlər yaranır. İstanbula güclü qar yağdı və ölkə bir həftə iflic oldu. Sabah Bakıya qar yağsa, o xətlər necə görsənəcək? Yəni yol nişanlarının çıxarıması şəhərin gözəlliyini pozmur. Dayanma nişanlarından başqa çoxsaylı xəbərdaredici, məhdudlaşıdırıcı, icazəverici, istiqamətverici yol nişanları var. Ona görə də, bir yol nişanının çıxarılması burada heç nəyi dəyişmir. Sürücülər də daha çox o nişanlara diqqət yeririrlər. Digər tərəfdən, yolların kənarında avtomobillərin park edilməsi ilə bağlı Fazil Mustafa da söylədi, həqiqətən də elə yerlər var ki, ciddi tədbirlər görülməlidir. Bəzi yerlərdə avtomobilləri elə saxlayırlar ki, həqiqətən də piyadaların keçməsinə imkan qalmır. Amma elə yerlər də var ki, orada avtomobilləri saxlasalar da piyadalara qətiyyən problem yaratmır. Ona görə ki, piyadalar üçün səki çox geniş olur. Düzdür, indi qanunda qeyd olunur ki, nişanlar qoyulduqda orada avtomobillər park ediləcək. Amma onu qeyd etmək istəyirəm ki, Bakı şəhərində parklanma üçün cəmi 20 minə qədər yer var. Yəni şəhərin mərkəzindən başqa heç yerdə parklanma üçün belə binalar tikilməyib. Mətbuat prospektindən 20 Yanvar dairəsinədək səkilərin üzərində təqribən minə qədər avtomobil park edilir. Bu qədər avtomobil harada park ediləcək? Avtobusların sayı çox azdır. Avtobusların sayını artırmaq lazımdır və buna paralel olaraq məhdudiyyətlər yavaş-yavaş tətbiq olunmalıdır. Sosial şəbəkələrdəki müzakirələr də göstərir ki, bu məhdudiyyətlərin tətbiq olunması ciddi narazılıqlara səbəb olacaq. Ona görə də bu iki məsələnin üzərində düşünməliyik və bu məsələdə tələsməməliyik. Ümumiyyətlə isə mən Bakı Şəhər Nəqliyyat Agentliyinin fəaliyyətini müsbət qiymətləndirirəm. Görülən işlər yaxşı mənada ortadadır. Amma qeyd etdiyim kimi, bu qanun təkcə Bakı şəhəri üçün deyil, bütün Azərbaycan üçün qəbul olunur. İstənilən dövlət orqanının fəaliyyətini az və ya çox tənqid etmək olar. Amma yenə də söyləyirəm ki, vətəndaşları inflyasiya şəraitində nəzərə almalıyıq və bu iki maddənin qəbulunu gələcəyə saxlamalıyıq, hazirki vəziyyətdə müzakirələrdən çıxarmalıyıq”.