"Bu zaman təhsil sistemi müvafiq çağırışlara effektiv ola bilər" - Deputat

"Ali təhsil sisteminin effektiv fəaliyyətinin təmin edilməsi baxımından ən önəmli və fundamental amillərdən biri, sözsūz ki, həmin sistemin əmək bazarının qısa, orta və uzunmüddətli inkişaf istiqamətlərinə səmərəli adaptasiya olunmasından ibarətdir".

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Parlamentarinin fikrincə, məntiqi ardıcıllıqla bu zaman, bir tərəfdən əmək bazarının inkişaf perspektivlərinin dəqiq proqnozlaşdırılmasının zəruriliyi məsələsi meydana çıxmaqdadır. Digər tərəfdən isə, dövlətin və cəmiyyətin əmək bazarının inkişafına təsir imkanları mütləq nəzərə alınmalıdır, çünki əmək bazarı stasionar, substantiv kateqoriya kimi qəbul oluna bilməz.

"Eyni zamanda, əmək bazarının inkişaf istiqamətləri bazar subyektlərinin və ayrı ayrı yerli və xarici mənşəyi olan korporativ maraqların iradəsi və biznes maraqları əsasında formalaşdırılmamalıdır. Əmək bazarının inkişafı dövlət maraqlarının birmənalı təminatı və ictimai rifahın dayanıqlı yüksəldilməsi məqsədlərinin imperativliyinin reallaşdırılmasına xidmət etməlidir. Bunlar isə õz növbəsində, fikrimizcə, ölkə iqtisadiyyatının ümumi inkişaf konsepsiyası ilə birbaşa bağlı olmalıdır.

Yəni, son nəticədə dövlət tərəfindən iqtisadiyyatın maqistral inkişaf istiqamətləri müəyyən edildikdən sonra, strateji planlaşdırma mexanizmləri əsasında əmək resurslarının, məhsuldar qüvvələrin yerləşdirilməsi, onların strukturu, cografiyası, keyfiyyət və kəmiyyət meyarları ilə bağlı prioritetlər müvafiq qaydada müəyyənləşdirilməlidir.

Hesab edirik ki, məhz qeyd olunan əsaslarla, əmək bazarı ilə bağlı obyektiv və subyektiv amillərin nəzərə alınması ilə, elmtutumlu gözləntilərin parametrləri hazırlanmalı, bütövlükdə təhsil sferası və konkret müəssisələr qarşısında sosial sifarişlər sistemli şəkildə təqdim olunmalıdır.

Düşünürük ki, yalnız bu zaman təhsil sisteminin müvafiq çağırışlara və trendlərə adekvat və effektiv reaksiyası mümkün ola bilər.

Yuxarıda göstərilmiş alqoritmin özü, hesab edirik ki, təbii olaraq, elm və təhsil sferalarının müvafiq indikativ planlaşdırma əsasında idarə olunmasına şərait formalaşdırmalıdır.

Zənnimizcə, ixtisasların məqsədəuyğunluq parametrləri, onların tədrisi prosesinin strukturu, həmin proses çərçivəsində yaradılması və tətbiq edilməsi zəruri olan müvafiq nəzəri, metodoloji, metodiki və praktiki aparatın qurulmasının effektivliyi məhz onların regionda və dünyada formalaşan texnoloji quruluş çərçivəsində milli iqtisadiyyatın inkişaf istiqamətlərinə, ölkənin əmək bazarına uyğunluğundan kritik dərəcədə asılı olacaq".