Bütün dünya Azərbaycanın qurucu dövlət olduğunu görəcək 

”Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində böyük dağıntılara məruz qalan digər rayonlarımızdan biridir. 30 il erməni işğal altında qalan rayonlarımız demək olar ki, yerlə yeksan edilib, bütün infrastrukturu, yaşayış evləri, milli və mədəni abidələri, hətta qəbristanlıqlar dağıdılıb. Ermənistan işğal etdiyi ərazilərdə nəinki tikinti işləri aparıb, heç daşı daş üstə də qoymayıb. Bütün yaşayış evləri sökülüb və Ermənistana daşınıb, tikinti materialları kimi istifadə edilib, insanların halal zəhmətlə uzun illər ərzində araya-ərsəyə gətirdiyi mülkləri talan edilib. Budur ermənilərin və Ermənistanın Qarabağa, Şərqi Zəngəzura olan münasibəti. Bu gün isə Azərbaycan suveren ərazilərinə aid torpaqları, o cümlədən Zəngəzur rayonunu işğaldan azad edib və hazırda quruculuq işlərini davam etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çox önəmli məsələlərə toxundu: “Bildirdi ki, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Bəli, Ağalı kəndi belə layihələrdən birincisidir, amma sonuncusu deyil. Rayonda aparılan infrastruktur layihələrinin genişliyindən və böyüklüyündən də görünür ki, Zəngilanın timsalında hər kəs işğaldan azad olunmuş ərazilərin yenidən qurulacağına şübhəsi olmasın. Həm də quruculuq işləri müasir dünya standartlarına uyğun aparılacaq. Bütün dünya Azərbaycanın qurucu dövlət olduğunu görəcək. 30 il ərzində bu əraziləri işğal altında saxlayan Ermənistanın heç bir tikinti işləri aparmadığından da görmək olar ki, işğalçı dövlətin məqsədi yalnız dağıtmaq, azərbaycanlıların var-dövlətini ələ keçirmək, yüz illərlə qurduqlarına sahiblənmək olub”.

A.Hüseynov bildirib ki, Qarabağla, Şərqi Zəngəzurla bağlı Azərbaycanın planları başqadır: “Azərbaycan dövləti yaradır, nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır. Zəngilan rayonunda icra edilən böyük infrastruktur layihələrindən biri - Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu da yenilənir. Artıq bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəyi nəzərdə tutulub. İşlərin həcmindən və çeşidindən də görmək olar ki, Zəngilan rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Sürətlə inşa olunan dörd və altı zolaqdan ibarət olan avtomobil yolu Azərbaycanın qərb hissəsi ilə əvvəlcə Naxçıvanı, sonra qardaş Türkiyəni, daha sonra isə Avropanı birləşdirəcək. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir.

Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır. Cənub-Şərqi Asiya və Orta Asiyadan Avropaya istiqamət götürən yüklərin xeyli hissəsinin Azərbaycandan, xüsusən də Zəngəzur dəhlizindən daşınması bu yolun gələcək perspektivlərindən xəbər verir. Əslində bu dəhlizin bərpa edilməsindən təkcə Azərbaycan yox, o cümlədən İran, Türkiyə, Rusiya və Ermənistan yararlana bilər ki, bu da həm bizim üçün, həm də qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq. Dövlətimizin azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük planları var. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bu ərazilərdə yaradılacaq infrastruktur məqsədlərimizin həyata keçməsində önəmli rol oynayacaq. Bilirsiniz ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları öz potensialına görə Azərbaycanın digər ərazilərindən əhəmiyyətli dərəcədə fərqlənir. Yəni burada imkanlar daha genişdir. Bu gün dünyanı qıtlıqla təhdid edən dənli bitki bazarından asılılığı kifayət qədər azaltmaq olar. Bunun üçün İşğaldan azad edilmiş ərazilərdə əkin sahələrini genişləndirmək üçün aqroparkların sayını artırmaq lazımdır”.