Velosiped Zavodunun direktoru müəssisənin bağlanması xəbərinə aydınlıq gətirdi

Bu il avqustun 10-da, İsmayıllıda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi "İSMA BİKES” velosiped istehsalı zavodunun fəaliyyətini dayandırması ilə bağlı məlumatlar səngimək bilmir. Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən zavodun bağlanmasına cürbəcür səbəb göstərilir...

Məsələ ilə bağlı "İSMA BİKES” velosiped istehsalı zavodunun istehsal müdiri və baş direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev Modern.az-a eksklüziv açıqlama verib. O, deyilənləri absurd adlandırıb:

 

"Zavodun bağlanması barədəki fikirlər absurddur”

 

"Bu zavodun ərsəyə gəlməsi üçün vəsait sərf olunub. Tikilibsə, əlbəttə ki, istehsal da olacaq. Hər bir istehsal sahəsində olduğu kimi, təşkilati məsələlər həll olunmalıdır.

Bəzən olur ki, müəssisədə istehsal gedir, açılış sonra keçirilir. Bəzən də açılış olandan sonra təşkilati məsələlər mərhələli şəkildə həll olunur və istehsal başlanır”.

 

"Quruyan ağaclar yenidən cücərir”

 

Sosial şəbəkədə müzakirəyə səbəb olan zavodun həyətindəki ağacların qurumasına gəlincə, icraçı direktor bildirib ki, bu, iqlim dəyişikliyilə bağlı məsələdir:

"Hazırda quruyan yarpaqlar da yenidən cücərməyə başlayıb. Yəni, ağacın quruması zavodun bağlanması demək deyil.

Amma zavodun tam fəaliyyətə başlaması üçün təşkilati işlər tam həll olunmalıdır. Bu, Qafqazda yeganə velosiped zavodudur ki, dövlət tərəfindən də xüsusi diqqət göstərilir.

Bu, cənab Prezidentin də diqqət mərkəzindədir ki, qısa zamanda zavodda bütün işlər yekunlaşsın və tam fəaliyyətə başlasın. Zavodun fəaliyyəti təkcə velosiped istehsalı və yeni iş yerləri ilə məhdudlaşmır. Bu həm də Azərbaycanda velosiped idmanın inkişafına xidmət edəcək. Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq, həm yeni iş yerləri açılacaq, həm də region inkişaf edəcək. İşçilərin 80 %-ə qədərini yerli əhali təşkil edəcək”.

 

Xaricilər bizimkilərə velosiped düzəltməyi öyrədəcək

 

E.Əliyev deyib ki, velosiped istehsalının daha mükəmməl olması üçün işçilərə xaricdən gələn mütəxəssislər təlim keçəcək:

"Velosipedin müəyyən növləri var ki, onların istehsalı üçün işə götürülən yerli əhaliyə xaricdən dəvət olunan mütəxəssislər müvafiq kurslar keçəcək.

İlkin mərhələdə mühafizəçi, təsərrüfat işçiləri işə götürülüb. Mərhələli şəkildə digər mütəxəssislərdə cəlb olunacaq.

Tam fəaliyyətə keçəndə işçilərin sayı 50 nəfər, daha sonra 100 nəfər olacaq. 

İstehsal sahələri genişləndirildikcə, işçilərin sayı da artırılacaq. Hazırda iş rejimi birnövbəlidir, sonrakı mərhələlərdə 2 və 3 növbəli rejimə keçiləcək.

İndi zavodda velosipedin 2-3 növü üzrə qismən istehsal gedir. Bir növ işçilərin iş qabiliyyəti yoxlanılır. Yəni işçilər alətlərlə davranma qaydalarını bilirmi, işi mənimsəyibmi və s. Buna tam istehsal demək olmaz”.


Yaponiyanın "Shimano” şirkəti...


Zavod rəsmisi təşkilati məsələlərin gedişatından asılı olaraq, müəssisənin tam fəaliyyətə başlayacağını deyib:

"Bu ilin sonu və 2017-ci ilin 1-ci rübündə tam fəaliyyətə başlayacağıq.

Velosiped istehsalı dedikdə, o demək deyil ki, bütün detallar Azərbaycanda istehsal olunacaq. Ümumiyyətlə, xaricdə də tanınmış velosiped istehsalçıları belə, müəyyən hissələri idxal edirlər. Bizdə velosipedin işlək hissələri Yaponiyanın "Shimano” şirkətindən alınacaq.

Azərbaycanda velosipedin disk və başqa hissələri istehsal olunacaq. Əsas hərəkətverici hissə "Shimano”şirkətindən alınacaq”.