YAP Səbail rayon təşkilatının və Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin bir qrup şagirdinin Bakıya üçgünlük səfəri başa çatıb.
Öncə onu qeyd edək ki, 20 nəfər Cocuq Mərcanlı şagirdin iştirak etdiyi səfərdə məktəbin direktoru Zamin Həziyev və 2 nəfər müəllimdə qatılıb. Şagirdlər YAP Səbail rayon təşkilatının qərargahına, Şəhidlər Xiyabanı və Bakının bir sıra gəzməli-görməli yerlərində olublar. YAP Səbail Rayon Təşkilatının Qərargahı ilə tanışlıq zamanı Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bu formatda səfərin ilk dəfə reallaşdırıldığını diqqətə çatdırıb. Deputat bildirdi ki, cəbhə bölgəsində hər an təhlükə ilə üzbəüz yaşayan uşaqların Bakı şəhərinə gəlməsi, buradakı tarixi, mədəni abidələrlə tanış olması, müasir, gündən-günə inkişaf edən, gözəlləşən paytaxtımızı görməsi məktəb lilər üçün böyük hadisədir. "Cocuq Mərcanlı Azərbaycan üçün Böyük Qayıdışın, Böyük Qələbənin rəmzidir. Düşmənlə təmas xəttindəki bu kənddə yaşayan hər bir sakin kiçiyindən böyüyünə qədər hər biri qəhraman və fədakar insanlardır. Biz Cocuq Mərcanlılar üçün nə etsək azdır. Bu layihəni düşünərkən əsas amalımız bundan ibarət idi ki, Cocuq Mərcanlıda yaşayan və hər yaşdan olan məktəblilər Bakıya, Səbail rayonuna gəlsinlər, buradakı gözəllikləri görsünlər və ölkəmizdəki əmin-amanlıq, təhlükəsizlik, sabitlik və inkişafın bir daha şahidi olsunlar. Qoy bütün Cocuq Mərcanlılar bilsinlər ki, onlar yalnız deyillər və biz burada onlarla həmrəyik və onların sevincləri, uğurları, problemləri ilə yaşayırıq” deyən Ş.Hacıyev vurğuladı ki, bu səfər çərçivəsində Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəb arasında əməkdaşlıq memorandumu imzalanması nəzərdə tutulmuşdur. Millət vəkili diqqətə çatdırdı ki, bu səfər gözəl bir başlanğıc olacaq və 50 nömrəli tam orta məktəbin başladığı bu işi Səbail rayonu məktəbləri ildən-ilə daha geniş formatda davam etdirəcəklər.
Səfərin bütün təşkilatçılarına ürəkdən təşəkkür edən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev bildirdi ki, Bakının Səbail rayonu sözün əsl mənasında bütün Cəbrayıllıların, Cocuq Mərcanlı sakinlərinin ən böyük dəstəkçilərindən biridir. Son iki ildə rayonun 100 nəfərlik heyətinin Cocuq Mərcanlı kəndinə üç dəfə unudulmaz səfəri reallaşıb. Həqiqətən bu gün bütün Cocuq Mərcanlılar möhtərəm Prezidentimizin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ordumuza, sərhəd bölgəsində yerləşən kəndlərimizə və əhaliyə daima lazımi dəstəyini hiss edirlər. Bunun ən bariz nəticəsidir ki, Cocuq Mərcanlıda yaşayan 150 ailə düşmənlə birbaşa təmas xəttində 300 metrlik məsafədə təhlükəsiz və rahat şəraitdə yaşaya bilirlər. Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin, ölkə başçısının və Ali Baş Komandanın bu gün hər bir vətəndaşın yanında olduğunun və əhalinin rifah şəraitinin yaxşılaşdırılması üçün çalışdığını sübut edir.
Niyyət Protokolu imzalandı
Səfərin ilk günü Cocuq Mərcanlı məktəbliləri Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam
orta məktəbdə "Sinəsi dağlanmasın, bölünməsin bu torpaq” adlı vətənpərvərlik
tədbirində iştirak ediblər.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof.
Şəmsəddin Hacıyev, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar
Ağayev, 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova,
Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin
Həziyev, Azərbaycan Dillər Univeristetinin Novruz Aslanov adına Cocuq
Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçən tələbələri və təcrübə
rəhbəri, eləcə də YAP Səbail rayon təşkilatının gənc fəalları qatılıb.
Qonaqları ürəkdən salamlayan 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət
Həsənova bildirib ki, məktəbin bütün müəllim-şagird kollektivinin
sevincinin həddi hüdudu yoxdur: "Çünki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinin məktəbliləri bu gün Bakının, Səbail rayonunun qonaqlarıdır. Cəbhə
bölgəsində yaşayan bu qorxmaz uşaqları bu gün məktəblərində görməkdən son
dərəcə şad olduqlarını diqqətə çatdıran direktor bu səfərin ərsəyə gəlməsində
zəhməti olan bütün təşkilatlara, xüsusən YAP Səbail rayon təşkilatına, Bakı
şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyətinə səmimi qəlbdən
təşəkkür etdi”.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin
deputatı prof. Şəmsəddin Hacıyev Cocuq Mərcanlı məktəblilərini
ürəkdən salamladı və bildirdi ki, bu layihə, Azərbaycan Prezidenti İlham
Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi altında respublika
məktəbliləri üçün artıq bir neçə ildir ki, ənənəvi olaraq uğurla keçirilən
maarifləndirici tur-aksiya silsiləsinə aid oluna bilər. Millət vəkili Cocuq
Mərcanlı sakinlərinin doğma yurdlarına qayıtmasını, bugünkü səfəri, eyni
zamanda Səbail rayonu 50 nömrəli tam orta məktəbin timsalında məktəblər
arasında sıx əməkdaşlığın ba-şlanmasını böyük hadisə olaraq qiymətləndirdi.
Deputat döyüş bölgəsində yaşayan məktəblilər üçün Bakıya
maarifləndirici-əyləncəli səfərin təşkil olunması fikrinin bütün təşkilatçılar
tərəfindən böyük məmnuniyyətlə və ruh yüksəkliyi ilə qarşılandığını
vurğulayaraq Cocuq Mərcanlı məktəbliləri üçün planlaşdırılan üçgünlük səfər
proqramı haqqında məlumat verdi. Qeyd olundu ki, Cocuq Mərcanlıdan Bakıya qonaq
gələn və müxtəlif yaş qruplarını təmsil edən şagirdlər üçün elə bir gəzinti
proqramı hazırlanmışdır ki, bu səfər məktəblilər üçün uzun müddət unudulmayacaq
tarixi hadisə olacaqdır. Cocuq Mərcanlı məktəbliləri Bakının, Səbail rayonunun
ən görməli, gözəl yerlərini gəzəcək, Bakının incisi, mirvarisi olan Dənizkənarı
Milli Parkla, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə başdan-başa tanış
olacaq, eləcə də bütün mərkəzi muzeyləri, mədəniyyət ocaqlarını, qədim tarixi
abidələri, məbədləri, o cümlədən Azərbaycan Xalça Muzeyini, "Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və
"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edəcək, tariximiz,
mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında məlumat alacaqlar.
Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam
orta məktəbi və Səbail rayonu 50 nömrəli məktəb arasında sıx əməkdaşlıq
haqqında niyyət protokolunun da bu gün imzalanması təşəbbüsünü ürəkdən
alqışlayan Ş.Hacıyev bu addımın gələcəkdə daha böyük layihələrə zəmin
yaradacağına dair əminliyini ifadə etdi.
Səbail rayonunun geniş tərkibdə Cocuq Mərcanlı kəndinə artıq üç dəfə səfər
etdiyini diqqətə çatdıran deputat vurğuladı ki, bu dəfə Cocuq Mərcanlı
sakinlərinin Bakıya səfərini təşkil etməklə biz cəbhə bölgəsində düşmənlə
100-150 metr məsafədə mərdliklə, dəyanətlə dayanan insanlara olan dəstəyimizi,
onlarla həmrəyliyimizi və onları heç vaxt unutmadığımızı bir daha nümayiş
etdiririk. Cocuq Mərcanlı məktəblilərinə səfərlərində xoş istirahətlər arzu
edən millət vəkili əminliyini ifadə etdi ki, Azərbaycanın işğal altında olan
bütün torpaqları tezliklə düşmən tapdağından azad olunacaq və biz bu kimi
tədbirlərimizi Şuşada, Laçında, Xankəndində keçirəcəyik.
2016-cı il
möhtəşəm Aprel qələbəsindən sonra tamamilə yenidən bərpa olunan Cocuq Mərcanlı
kəndindən bu gün Bakıya qonaq gələn məktəbliləri salamlayan Səbail rayon İcra
Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bütün
təşkilatçılara bu gözəl təşəbbüs və uğurla reallaşdırılan səfər üçün ürəkdən
təşəkkür etdi. Cocuq Mərcanlı məktəblilərinin Bakıya, Səbailə gəlişinin hər kəs
üçün böyük bayram olduğunu qeyd E.Ağayev Azərbaycanın üçrəngli şanlı bayrağının
tezliklə Şuşada, Xankəndində, işğal altında olan bütün torpaqlarımızda
dalğalanmasını və bu bayramın ərazi bütövlüyü tam təmin olunmuş vahid
Azərbaycana aid olmasını arzuladı.
Novruz Aslanov
adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev YAP
Səbail rayon təşkilatı başda olmaqla bu təşəbbüsün reallaşmasında əməyi olan
bütün təşkilatçılara, Səbail rayon İcra Hakimiyyətinə və 50 nömrəli məktəbin
bütün müəllim-şagird kollektivinə səmimi qəlbdən təşəkkür etdi. Ermənistanın
işğalçılıq siyasəti nəticəsində Vətənlərində qaçqın vəziyyətinə düşən 1 milyon
Azərbaycan vətəndaşından öz doğma yurduna dönmək xoşbəxtliyinin məhz Cocuq
Mərcanlılara ilk olaraq nəsib olmasından qürurla danışan Z.Həziyev bu
bəxtəvərliyin yaxın zamanda bütün qaçqınlarımıza nəsib olmasını arzuladı.
Çıxış edən
Azərbaycan Dillər Universitetinin Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam
orta məktəbində pedaqoji təcrübə keçən tələbəsi Aysel Səlimanova və
təcrübə rəhbəri Məmməd İsmayılov Azərbaycan Dillər
Universitetinin qaçqın-köçkün məktəblərində həyata keçirdiyi təcrübə layihəsi
haqqında məlumat verdilər və Cocuq Mərcanlıda yaşadıqları unudulmaz təcrübə
haqqında təkrarolunmaz təəsüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
Daha sonra məktəb direktorları Səbail rayonu C.Əskərov adına 50 nömrəli
məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin
qardaşlaşması ilə bağlı niyyət protokolu imzaladılar. Niyyət protokolunda qeyd
olunub ki, bu müqavilə ilə qardaşlaşmış iki məktəb bir-birlərinin uğurlarına
sevinəcək, təhsil sahəsində olan yenilikləri bölüşəcək və bütün istiqamətlərdə
sıx əməkdaşlıq edəcəklər.
Tədbirdə məktəblilərin ifasında yüksək vətənpərvərlik ruhunda ədəbi-bədii,
musiqili kompozisiya nümayiş olundu. Göstərilən səhnəciklər, ifa olunan
mahnılar və səsləndirilən poeziya nümunələri həm Cocuq Mərcanlı
məktəblilərinin, həm də qonaqların böyük marağına səbəb oldu.
Sonda Cocuq Mərcanlı məktəblilərinə xatirə hədiyyələri və tədbirdə iştirak
edən bütün məktəblilərə Təşəkkürnamələr təqdim olundu.
Məktəbliləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər
Daha sonra Cocuq Mərcanlılar görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, həmçinin görkəmli dövlət xadimi
Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirəsini yad edib,
məzarları üzərinə güllər qoyublar.
Məktəblilər Fəxri Xiyabanda Azərbaycanın
görkəmli şəxsiyyətlərinin, siyasi xadimlərinin, yazıçıların, alimlərin,
mədəniyyət işçilərinin, o cümlədən 2019-cu ildə anadan olmasının 150 illiyi
tamam olan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı,
dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin də məzarını
ziyarət edib və Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə
misilsiz töhfələr vermiş ziyalıların əziz xatirəsini anıblar.
Cocuq Mərcanlı məktəbliləri Şəhidlər
xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini
yad etdilər, məzarları üzərinə güllər düzüblər.
Sonra şagirdlər Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi” abidəsini ziyarət etdilər, Osmanlı ordularının Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda həlak olan 1130 qəhərman türk şəhidinin əziz xatirəsini yad etdilər və 1918-ci il sentyabrın 15-də Bakının azad olunmasını Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə kimi bir daha yaddaşlarda canlandırdılar.
Məktəblilər Bakı Bulvarı və "Yanardağ” Dövlət Tarixi Qoruğunda
Bakıda qonaq olan Cocuq Mərcanlı məktəbliləri üçün mayın 18-i və
19-unda geniş gəzinti proqramı təşkil olundu. Məktəblilər Heydər
Əliyev adına liseyin təşkilatçılığı ilə "E-Twinning School” layihəsinin
tədbirində iştirak etdilər, Bakının, Səbail rayonunun ən görməli, gözəl
yerlərini gəzdilər.
Məktəblilər Dənizkənarı Bulvar İdarəsinin
təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda unudulmaz bir gün yaşadılar, burada
müxtəlif növ attraksionlara, yelləncəklərə və bütün Milli Park ərazisindən
keçən qatara mindilər.
Funikulyora minən və bu təcrübədən çox razı qalan Cocuq Mərcanlılar daha sonra "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı ilə başdan-başa tanış oldular, eləcə də mərkəzi muzeyləri, mədəniyyət ocaqlarını, qədim tarixi-mədəni abidələri, məbədləri, o cümlədən Azərbaycan Xalça Muzeyini, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət etdilər, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında məlumatlar aldılar, muzeylərdə nümayiş olunan tarixi eksponatlar və stendlərlə tanış oldular. Məktəblilər Qız Qalasının ətəklərində bu əzəmətli tikiliyə heyranlıqlarını ifadə etdilər. Bakıda qonaq olduqları üç gün ərzində Bibiheybət ərazisində məktəblilər üçün musiqili əyləncə proqramları təşkil olundu.
Məktəblilər Bakı şəhərində gördüklərindən və
öyrəndiklərindən razı qaldılar və şəhərdən xoş təəssüratlarla ayrıldılar.
Ədil Ədilzadə