Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9% artıb.
sabahinfo.Az xəbər verir ki, ərzaq məhsullarının qiymətlərində 14,5%, qeyri-ərzaq məhsullarının qiymətlərində 12,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 8% artım qeydə alınıb.
Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9% artıb.
Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, mal, qoyun və toyuq ətinin, kolbasa, balıq, süd məhsullarının, pendir və yumurtanın, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakaon, alma, armud, heyva, nar, portağal, naringi, banan, kələm, göyərti, pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2017-ci ilin yanvar ayında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.