"Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir"

“Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib”. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı etdi. Çıxışı zamanı bir çox önəmli məsələlərə toxunan prezident Azərbaycanın enerji və qaz sahələrindəki nailiyyətlərindən də danışdı. Prezidentin açıqladığı məqamlarla bağlı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova öz fikirlərini PİA.az saytı ilə bölüşüb. Ən çox nəzəri Cənub Qaz Dəhlizi layihəsinə salan Könül İsmayılova bildirib ki, layihənin iştirakçıları effektli çalışıb:

“Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya komanda şəklində effektli çalışıb. Buna görə də düşünürəm ki, Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. Bildiyimiz kimi 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi də tamamlandı. Bundan sonra layihənin uğurları daha da artdı.

Hamıya məlumdur ki, Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Lahiyənin dəyəri 33 milyard ABŞ dollarıdır. Prezidentin də dediyi kimi Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verib. Bu institutlara misal olaraq Dünya Bankını, Avropa Yenidənqurmanı və İnkişaf Bankını, Asiya İnkişaf Bankını, Avropa İnvestisiya Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını göstərmək olar”.

Eyni zamanda Müasir Müsavat Partiyasının sədr müavini Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları da vurğulayaraq qeyd edib ki, Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var: “Verilən məlumatlara görə Cənub Qaz Dəhlizi vasitəsilə keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunlardan Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr təbii qaz ixrac edib. Yerdə qalan həcm isə komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.

Onu da qeyd edim ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Ölkədə enerji sahəsinə böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib. Həmçinin yeni elektrik stansiyalarının tikildiyi haqqında da xəbərlər var. Bununla belə Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Eyni zamanda işğaldan azad edilmiş ərazilər üçün də ölkəmizin xüsusi proqram var”.