"Cənub Qaz Dəhlizinin illik gücü 30 milyard kubmetrə çatdırıla bilər"

"Hazırda dünya enerji keçidi mərhələsini yaşamaqdadır. Bu mərhələdə düzgün planlaşdırma, etibarlı əməkdaşlıq, məsuliyyətli liderlik ciddi rol oynayır. Bu baxımdan Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclası və bu iclasda Prezident İlham Əliyevin ətraflı çıxışı Azərbaycanın dünyanın enerji siyasətində mühüm yer tutmasından, gələcəkdə də yeni enerji transformasiyalarında aparıcı rol oynayacağından xəbər verir".

Bunu "Report"a açıqlamasında ötən gün Bakıda keçirilmiş tədbirlə bağlı fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, SGC üzv ölkələr arasında milli səviyyədə əməkdaşlığın yeni formatıdır "Bu format uğurlu oldu – layihə artıq uğurla bitib, keçən müddət ərzində bu layihə üzrə 10 mlrd m3-a yaxın qaz ixrac olunub, layihəyə maraq artıb, yeni-yeni ölkələr iclasda iştirak edirlər və s. Bu, həm də Azərbaycanın “qaz diplomatiyası”nın mühüm uğurlarıdır. Uğurun əsas səbəbi isə Azərbaycanın 2006-ci ildən dünya enerji bazarında özünü etibarlı tərəfdaş kimi tanıtması, enerji siyasətini sırf iqtisadi siyasət kimi yürütməsi, dövlət başçısının düzgün geo-iqtisadi qərarları, bu istiqamətdə 100 il irəlini hesablaya bilməsi, partnyor ölkələrin isə bu reallığı qəbul etməsidir. Təsadüfi deyil ki, artıq alıcı və potensial olaraq alıcı olmaq istəyən ölkələr Azərbaycandan daha çox qaz almaq, Azərbaycan qazının Balkanlar istiqamətində ixrac coğrafiyasını genişləndirmək arzularını bəyan edirlər".

 

"Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın təsdiq edilmiş 2,6 trln m3 qaz ehtiyatları mövcuddur, yeni yataqların işlənməsi ilə qaz ixracımızı artırmaq gücünə sahibik. Odur ki, SGC-nin buraxılış gücü ildə 30 mlrd m3-ə çatdırıla bilər. Uzunmüddətli müqavilələr qarşılığında Azərbaycan öz alıcılarını qazla təmin etmək gücündədir. Təbii ki, qaz ixracının artımı ölkəmizin valyuta gəlirlərini də əhəmiyyətli dərəcədə artıracaq.

Digər tərəfdən Azərbaycanın "yaşıl enerji" layihələrinə start verməsi, ölkədə ənənəvi enerjidən yaşıl enerjiyə keçidin təmin olunması üçün yetərli enerji güclərinin və infrastrukturunun olması müasir eneji siyasətinin mühüm istiqamətidir. Azərbaycan bu rolu həm də Avropada oynaya bilər və gücünü göstərməkdədir. Dövlət başçısı elektrik enerjisi ixracında maraqlı olan Azərbaycanın SGC layihəsi əməkdaşlığı formatından bu məqsədlə də istifadə edilə biləcəyini bəyan etməklə ölkələrarası milli əməkdaşlığın gələcək istiqamətlərini də ortaya qoydu.

Beləliklə, Prezidentin çıxışı bir daha hər kəsə göstərdi ki, dünyanın iqtisadi inkişafında mühüm rol oynayan enerji siyasətində Azərbaycan ən etibarlı və potensiallı tərəfdaşdır, o, "yaşıl enerji"yə keçid prosesini mənimsəməkdədir, öz enerji siyasətində mütəfiq və partnyor ölkələrinin çağırışlarını nəzərə almaq potensialına sahibdir. Bütün bu planlar isə ölkəmizin iqtisadi müstəqilliyinin güclənməsinə, dövlətimizin və vətəndaşlarımızın rifahının yüksəlməsinə xidmət edəcək. Əminəm ki, bu iclas regionda yeni enerji siyasətinin həyata keçməsində mühüm mərhələ olacaq", - komitə sədri vurğulayıb.