Çörək zavodundakı ölümlə bağlı işçiyə hökm oxundu - VİDEO

Bakıda çörək zavodunda qadının ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində “Nur” çörəkbişirmə zavodunun işçisi, 1988-ci il təvəllüdlü Jalə Nurəliyevaya hökm oxunub.

O, ehtiyatsızlıq edərək iş yoldaşı, 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın faciəvi şəkildə ölümünə səbəb olmaqda ittiham edilib və Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus “Nur” çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmirqarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.