“Culfanı kəşf edirik” devizi ilə ekskursiya təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Naxçıvanı kəşf et” lahiyəsi çərçivəsində “Culfanı kəşf edirik” devizi ilə tələbələrin tarix-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub.

Fondun əməkdaşı Fikrət Kərimov çıxış edərək bildirib ki, tədbirin məqsədi muxtar respublikada təhsil alan tələbələrin muxtar respublika ilə bağlı biliklərinin artırılmasına, Naxçıvan Muxtar Respublikasının görkəmli şəxsiyyətlərinin, tarixinin, mədəniyyət abidələrinin, muzeylərinin, milli adət və ənənələrinin tanıdılmasından ibarətdir.

Qeyd olunub ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu tipli gəzintilərin təşkili daim diqqətdə saxlanılır.

Məlumat verilmişdir ki, əsasən Kür-Araz mədəniyyətini özündə əks etdirən Culfada bir çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə vardır. Rayonda turizm xüsusilə inkişaf etmişdir. Rayonun tarixi və dini abidələri, təbiəti, özünəməxsus coğrafi mövqeyi həm yerli, həm də xarici turistləri cəlb edən əsas amillərdir.

Ekskuriya çərçivəsində tələbələr “Əlincəqala” Tarix-Memarlıq Muzey Kompleksini və Xanəgah Abidə Kompleksini ziyarət ediblər.

İştirakçılar sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.