Dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunmasının ikinci ili tamam olur

Əliabbas Salahzadə
Milli Məclisin deputatı


Laçın rayonunun 1992-ci ildə işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, yüzlərlə hərbi, mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi respublikanın digər şəhər və rayonunda müvəqqəti məskunlaşmağa məcbur olublar. İşğalın fəsadları olaraq rayonun sosial və istehsal təyinatlı yüzlərlə obyekti işğalçılar tərəfindən talan və məhv edilib, dünya və yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

İşğaldan azad olunandan sonra Laçın rayonunun yeni inkişaf dövrü başlanıldı. Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb. Prezident İlham Əliyevin sərəncamına əsasən Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinə başlanılıb. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır;

Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonuna ötən ilin fevral ayının 14-də baş tutan səfərində Güləbird kəndində Azərbaycan bayrağının ucaldılmasında, su elektrik stansiyasının açılışında, həmin il avqustun 16-da etdiyi səfər zamanı Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak etmiş, bu il iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olmuşdur. Bu il sentyabrın 21-də növbəti dəfə Laçına səfər edən dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olmuş, Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmış, Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

İşğaldan azad edilmiş ərazilərə, o cümlədən Laçın rayonuna "Böyük qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.