"Fransanın Qarabağla və separatçılarla bağlı haqsız mövqeyini bilirik və bu ölkənin Prezidenti Emanuel Makron da qeyd etmişdi ki, Azərbaycanda yaşayan etnik erməniləri müdafiə edən tək odur. İndi Amerika Birləşmiş Ştatlarının son addımlarından görmək olar ki, onlar Fransanı meydanda tək qoyməq istəmir və hər zamankı kimi haqsızlıq burulğanına yurvarlanmağa başlayıblar. Belə çıxır ki, bu ölkənin siyasətində abadlaşdırmaq, münaqişə yatırmaq, həll etmək, islamafobiyadan uzaq dayanmaq meylləri yoxdur."
Bu fikirləri "atributunfo.az"-a açıqlamasında Milli Məclisin deputatı, MCP sədri Razı Nurullayev bildirib. O, əlavə edib ki, həm Konqresin, həm də Dövlət departamentinin açıqlamalarında Xankəndində olan separatçılara dəstək ifadə olunur, onlar Laçın yolunun açılmasını tələb edirlər. Hərçənd ki, avqust-sentyabr aylarında keçirilən görüşlərdə həm Laçın, həm də Ağdam-Xankəndi yolunun açılmasına razılşamışdılar. Belə görünür ki, onlar bir ovuc azğın separatçının əlində aciz qalıb onları razı sala bilmədilər?
Xeyr, onlar Azərbaycanı da abad görmək istəmir, onlar münaqişənin həll variantlarını dolaşdırır və ağıllarında olanı etmək istəyirlər. Biz sadəlövhcəsinə onlara inanmışıq. Axı biz niyə tarixdən dərs ala bilmirik? Məgər onlar 2008-ci ildə Gürcüstanı meydanda tək qoyub “qaçmadılar”?
Onlar Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü birmənalı və qeyd-şərtsiz qəbul etdiyi halda, Qarabağ torpaqlarının 30 il işğalı müddətində bir dəfə də olsun ürəklə hərəkət etmədi, o əraziləri açıq-aydın Azərbaycan adlandırmadı. Əksinə, Azərbaycanda bir milyon yurd-yuvasından didərgin edilmiş qaçqın-köçkün olduğu halda separatçılara maliyyə dəstəyi ayırdı, onları himayə etdi:
"Bu gün ərazilərimizi özümüz işğaldan azad etmişik və özümüz kömək edilmədən qurub-yaradırıq. Bəs niyə kömək təklif etmirlər? Minaları toxum kimi səpib-basdıranlara dəstək verir bu ölkə. Azərbaycana isə bir Amerika qeyri-hökumət təşkilatı 10-15 it verir ki, aparın onlar təmizləsin. 30 illik əsarətə, zülmə, haqsızlığa bu cür barmaqarası yanaşan ölkədən hansə ədaləti gözləmək olar?
Onlar haranı abad görsələr, oranı dağıtmaq, haranı düzələn görsələr, oranı sökmək, harada islam görsələr oranı terrorçu elan etmək istəyirlər. Çoxlu pul xərcləyərlər, çoxlu resurs sərf edərlər və düşünərsən ki, daha çökərlər və özlərinə gəlməzlər. Amma, yox, onlar bir qoyub beş qazanmasalar, ayaqlarını heç hara basmazlar. Onlar bu günün və sabahın hesabını aparmır, onilliklərin hesabını qururlar.
Demokratiya adı altında işğal etdikləri ölkələrin varidatını süpürüb apararlar, heç kimin ruhu da inciməz. Bir ölkəni qızışdırıb başqa bir ölkənin üzərinə salar və özləri isə pul qazanarlar. Əfqanistanda bu ölkə 2.313 trilyon dollar xərcləyib və sonra biabırcasına “qaçıb”. Amma, qaçmayıb, sadəcə nəzərdə tutduğu bütün işlərini görüb, faydasını götürüb və sonra guya qaçıb. Amma, əminliklə demək olar ki, qazancı xərclədiyi 2 yarım trilyon dollardan iki dəfə çox olub.
Nə qədər ölkə dağıtmaq olar? Liviyanı dağıdan zaman biz də Azərbaycanda həvəslənmişdik ki, Amerika pulsuz demokratiya paylayır, gətirib bir nimçə də bizə verəcək. Müammar Kaddafiyə lənət oxuyurduq ki, Liviya xalqını əzib, məhv edib və acından öldürüb. O azğın kütlə tərəfindən öldürüləndə camaat sevinirdi ki, xöşbəxtlik gələcək, Con dayı gətirib hamıya dollar paylayacaq. Nə baş verdi? İndi bütün Liviya xalqı Müəmmar Qəddafiyə rəhmət oxuyur, indi anlayır ki, kommunizmdə, əmin-amalıqda, sosial-demokratiyada yaşayıb, xəbəri olmayıb. Bəs hanı vəd olunan demokratiya, azad həyat, azad iqtisadiyyat və xöşbəxt insanlar?
Misirdə mövcud hakimiyyəti devirib onların inkişafını yarım əsr geriyə atdı, Tunisi alt-üst elədi və ölkə hələ də özünə gələ bilmir. Yəmən xarabazara çevrilib və Suriya isə hər gün daha dərin uçuruma yuvarlanır. Hanı o gül-çiçəkli bahar? Bahar yerinə sərt qış gəldi və bitmə də bilmir. Ölən ölüb, donan donub. Belə demokratiya və insan haqları olur?
Sizin demokratik yanaşmanız, həll yollarınız ancaq və ancaq fəlakət gətirir. O bizə lazım deyil. Biz problemlərimizi özümüz həll edə bilirik, sadəcə kənardan heç kim burnunu soxmasın, problem yaratmasın və qızışdırıcı hərəkətlər etməsin.
Azərbaycan öz boyutuna görə güclü dövlətdir və separatçıların da öhdəsindən gələcək. Sizlərin yersiz çabaları isə onların vəziyyətini pisləşdirir və məsələnin həll yoluna maneçilik törədir. Sizin bölgəyə sülh, əmin-amanlıq gətirdiyinizə inanmırıq. Son damla isə Ukrayna oldu. Çox təəssüf!"- Deputat bildirib