Deputat: Düşünülmüş enerji siyasəti Azərbaycanı əhəmiyyətli və etibarlı ölkəyə çevirib

Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və daha sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Avropada baş verən sonuncu qaz böhranı və yaranmış vəziyyətdə Azərbaycanın oynaya biləcəyi rol bunun bariz nümunəsidir.

Bu baxımdan Avropa İttifaqının yaranmış qaz böhranı ilə bağlı Azərbaycanla danışıqlara başlamasını və fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti, 8-ci iclası mühüm əhəmiyyət kəsb edir. İclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O bildirib ki, Prezident İlham Əliyev iclasdakı çıxışında bir sıra vacib məqamlara toxunub. Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda, onun bir neçə parametrlər üzrə çox nadir olduğunu qeyd edən İltizam Yusifov deyib: “Onun uzunluğu 3 min 500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2 min 500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Cənub Qaz Dəhlizi mövcud olan ən yüksək ekoloji standartlara cavab verir və bu, həmin layihənin planlaşdırılması və icrası zamanı bizim üçün başlıca şərt olub”.

Deputat diqqətə çatdırıb ki, indi Azərbaycan Prezidentinin cəsarətli, qətiyyətli mövqeyi nəticəsində çox çətinliklər və əziyyətlər hesabına başa gələn Cənub Qaz Dəhlizinin nə qədər uzaqgörən təşəbbüs olduğunu aydın görürük. Bir qayda olaraq Azərbaycanın irəli sürdüyü təşəbbüslər, təkcə ölkəmizə deyil, bütövlükdə bütün tərəfdaşlara fayda gətirir. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti və zamanında qlobal çağırışlara, proseslərə çevik reaksiya verməsi nəticəsində, Azərbaycan son illərdə dünyada baş verən böhranlı vəziyyətlərdə, xüsusən də enerji sahəsində yaranan böhranların həllində ciddi rol oynamaqla, dünyanın təhlükəsizlik sisteminin təmin olunmasında müstəsna xidmət göstərmiş olur. Bu isə öz növbəsində Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə də öz töhfəsini verir.

“Bu gün Avropa İttifaqı üzləşdiyi qaz böhranının aradan qaldırılması üçün Azərbaycanın Cənub Qaz dəhlizi vasitəsilə hasilatın həcminin artırılması istiqamətində danışıqlara başlayıb. Amma hesab edirəm ki, qaz hasilatının həcminin artırılması qısa müddətli, müvəqqəti çətinliklərin həlli ilə bağlı olmamalıdır. Bu, vədələr əsasında deyil, uzunmüddətli müqavilələr əsasında həyata keçirilməlidir. Çünki qaz kəmərində həcmin artırılması çox mürəkkəb bir prosesdir və bu, nəzərə alınmalıdır.

Gələcəkdə Cənub Qaz Dəhlizi vasitəsilə il ərzində 32-34 milyard kubmetr qaz nəql etmək mümkündür. Əgər Avropa İttifaqı öz bazarını etibarlı şəkildə qazla təmin etmək istəyirsə, o zaman bu məsələ ciddi müzakirələr tələb edir. Danışıqlarda Azərbaycanın gələcəkdə təkcə öz qazı deyil, eyni zamanda, digər Xəzəryanı ölkələrin qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxarılması məsələsi müzakirə edilə bilər”, - deyə İ.Yusifov vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin Cənubi Qafqazda yaratdığı təhlükəsiz, regional əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində bölgədə dayanıqlı sülhə, sabitliyə və inkişafa nail olmaqdır. Azərbaycanın nəzərdə tutduğu layihələr icra olunmaqla dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açılacaq.