Deputat pensiyanın minimal həddinin aşağı olmasından NARAZIDIR

"Qanuna əsasən, 10 uşağı olsa belə qadınların pensiya yaşına 5 il güzəşt olunur".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcək ki, çoxuşaqlı anaların pensiya yaşından tez pensiyaya çıxmasını bu cür əngəlləyirlər.

Deputat qeyd edib ki, Azərbaycanda əmək pensiyası yaşını Avropa ölkələri ilə müqayisə edirlər: “Avropa ölkələrinin böyük qismində pensiya yaşı bizdən aşağıdır. Bizimlə eyni olanlarda isə orta ömür uzunluğu 83 ildir. Bunu nəzərə almaq vacibdir".

Q.Həsənquliyev onu da deyib ki, pensiyanın minimal həddi 240 manatdır ki, bu da azdır: "Bu məbləği artırmaq lazımdır”.

 Rusiyada 4 uşağı olan analara ev verildiyinə də diqqət çəkən Qüdrət Həsənquliyevin sözlərinə görə, qadınların pensiya yaşı azaldılmalıdır ki, gənc qadınlar üçün də iş imkanı yaransın.

Deputat icra hakimiyyətlərində və bir sıra digər vəzifələrdə çalışanların əksəriyyətinin kişilər olmasını da vurğulayaraq, bu istiqamətdə də ciddi dəyişikliklərin olmasını vacib sayıb.(bakivaxti.az)