Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bütün sahələrdə inkişafımızı təmin edir

ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısına ünvanladığı məktubda dövlətlərarası münasibətlərin müxtəlif aspektlərinə toxunulub və Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdikləri qeyd edilib. Amerikanın dövlət başçısı Azərbaycanın sülhə, əməkdaşlığa, təhlükəsizliyə, tərəqqiyə verdiyi töhfələri xüsusi vurğulayıb. Həmçinin gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

O qeyd edib ki, ABŞ Prezidenti tərəfindən göndərilən məktubda göstərilən fikirlər 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqların qəbul edilməsi kimi anlaşılır. Eyni zamanda, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətindəki səyləri dəstəklənir.

“Xatırlatmaq yerinə düşər ki, son günlər dünya siyasətinin aparıcı liderləri sıx şəkildə Azərbaycan Prezidenti ilə telefon əlaqələri qururlar, məktublar göndərirlər, məsləhətləşmələr aparırlar. Bu da dövlətimizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, Prezident İlham Əliyevin şəxsi nüfuzu ilə bağlıdır. Dünyanın siyasi gündəmi Rusiya-Ukrayna, Rusiya-Qərb münaqişəsi ilə zəbt olunub. Azərbaycan bütün münaqişə tərəfləri ilə yaxşı münasibətdə olan nadir dövlətlərdən biridir. Eyni zamanda, Azərbaycan ədalətin yanında yer alan, barışdırıcı mövqedə çıxış edən, ehtiyacı olana maddi və mənəvi dəstək verən ölkədir”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, yeni dünya nizamı formalaşmaqdadır. Hər bir dövlətin qarşısında duran əsas vəzifə yeni siyasi arxitekturada layiq olduğu yeri tutmaq, müstəqilliyini, milli təhlükəsizliyini qoruyub saxlamaqdır. Dünyada və yaşadığımız regionda gedən proseslər, onu göstərir ki, bu kifayət qədər mürəkkəb məsələdir. Müharibələrin, qütbləşmələrin, qarşılıqlı sanksiyaların yaratdığı çətinliklərin öhdəsindən soyuqqanlı, zərgər dəqiqliyi ilə ölçülmüş siyasət gələ bilər. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət bütün sahələrdə inkişafımızı təmin etməklə öz bəhrəsini verir.