Deputat Prezident İlham Əliyevin Səmərqənd Sammitində çıxışının əhəmiyyətindən danışıb

“Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti keçirilib. Məlumdur ki, bu beynəlxalq təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın 8 üzvü, 4 müşahidəçi üzvü və 9 dialoq tərəfdaşı var. Həmçinin İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair qərarlar artıq qəbul olunub. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Qeyd etmək lazımdır ki, Azərbaycan bu gün bir çox mötəbər beynəlxalq təşkilatların fəal üzvüdür və bu təsisatların inkişafı, mövqelərinin möhkəmlənməsi istiqamətində görülən işlərə daim böyük töhfələr verir. O cümlədən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa müddət ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Nəticədə bu mötəbər təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi barədə yekdil qərar qəbul olunmuş və 2019-2022-ci illər üzrə Hərəkata sədrlik missiyası Azərbaycana həvalə edilmişdir. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq siyasi təsisatıdır. Bir müddət əvvəl isə 120 ölkənin yenidən yekdil qərarı ilə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-ci ilin axırına kimi uzadılması da ölkəmizə qarşı böyük hörmət və etimadın bir göstəricisidir. Lakin təəssüflər olsun ki, hazırda bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi haqlı narahatlıq doğurur. Bu barədə ŞƏT-in Səmərqənd Sammitində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev də fikir bildirərək söyləmişdir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi uzun illər ərzində kağız üzərində qalmışdı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmadı. Yalnız 2020-ci ildə Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edildi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat Prezident İlham Əliyevin Səmərqənd Sammitində çıxışının əhəmiyyətini vurğulayaraq bildirib ki, dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasına verdiyi böyük təhfələri qeyd etməklə ölkəmizin sabitlik və inkişaf tərəfdarı olması faktını bir daha diqqət mərkəzinə çəkib: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin işə düşməsinə sanballı töhfələr verib və indi də bu layihələrin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Öz çıxışında bu baradə fikirlərini səsləndirən Ölkə Prezidenti cənab İlham Əliyev də qeyd etdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu göstərici ildə 25 milyon tona qədər artırıla bilər. Ümumiyyətlə bu gün respublikamızda nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində möhtəşəm işlər görülür. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Təbii ki, regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcək”, - deyə Novruzəl Aslanov öz fikirlərini tamamlayıb.