“Radikal müxalifətin Laçın yolunun üzərində sərhəd postunun qurulmasını başqa yerə yozması onların siyasi qısqanclıqlarının göstəricisidir. Həmin şəxslər iqtidarın uzun illər əldə etdiyi müvəffəqiyyətlərə nəinki sevinmir, bəzi hallarda öz məntiqsiz bəyanatları, populist çıxışları ilə bir növ qısqanclıq nümunəsi göstərir, ictimaiyyəti çaşdırmaq istəyirlər. Radikal müxalifət belə bəyanatları ilə hakimiyyətə yox, dövlətə, millətə qarşı müxalif olduğunu göstərir. Bu, qəbuledilməzdir. Əsas əməldir. Əsas budur ki, uzun illər ərzində xəyal edə bilmədiyimiz məsələlər də həllini tapdı. Qarabağ torpaqları işğaldan azad olunub, Azərbaycan sərhədlərini tam nəzarəti altına alıb, ən əsası isə artıq Qarabağdakı separatçı ermənilərin yenidən təşkilatlanmalarının, silahlanmalarının, Qarabağı təxribat yuvasına çevirmələrinin qarşısı alınıb. Nəzarət-buraxılış postunun qurulması heç şübhəsiz Ermənistanı sülh danışıqlarına getməyə vadar edəcək və bu, Qarabağda yaşayan erməni separatçılarının artıq real şəkildə iki yolunun olduğunu göstərən bir amildir. Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, Qarabağda yaşayan ermənilərin iki yolu var: ya Azərbaycan Konstitusiyasını, qanunlarını, dövlət atributlarını qəbul edib, burada yaşamalı, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar, ya da çıxıb getməlidirlər. Artıq ermənilər üçün üçüncü yol yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat hesab edir ki, Azərbaycan xalqı 23 aprel 2023-cü ili hələ uzun illər bayram kimi qeyd edəcək: “Bu, sözün əsl mənasında tarixi hadisədir. Uzun illərdən sonra - təxminən, 1988-ci ildən sonra dövlət sərhədlərimizi nəzarət altına aldıq. Bu, tarixi bir qələbədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mərhələli, sistemli şəkildə apardığı siyasətin məntiqi nəticəsidir. Bu, bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözünü tutdu və Azərbaycan öz nəzarət-buraxılış məntəqəsini quraşdırdı. Bunun simvolik mənası da var. Uzun illər ərzində ermənilər hər il İrəvanda, ümumiyyətlə, ermənilər yaşayan bir çox ölkələrdə Azərbaycan və Türkiyə səfirliklərinin qarşısında çoxsaylı mitinqlər, piketlər təşkil edirlər. Nümayişkəranə şəkildə Azərbaycan və Türkiyənin dövlət bayrağını yandırırlar. Bu, artıq ermənilərin mədəniyyətinin bir hissəsinə çevrilib. Saxta “soyqırım” adı ilə 24 apreli ermənilərin faciəsi kimi qeyd edirlər. Dünənki tədbir isə bir daha onların bu cılız hərəkətlərinə qarşı qoyulmuş əməli hərəkət idi. Yəni onlar bayraqlarımızı yandırırlar, amma biz sərhədlərimizi nəzarətə götürüb, bayrağımızı dövlət sərhədində ucaldırıq. Fərq bundan ibarətdir. Dünən qurulmuş sərhəd postu ermənilərin bu cılız hərəkətlərinə bir növ cavab idi”.