"“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklər ilə bağlı çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, yeni dəyişikliklər hərbçilərimizin pensiya məbləğlərində artımlara səbəb olacaq".
Sabahinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq:
"Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin -2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Qanun layihəsində hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur. Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddəti ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir".
Onun sözlərinə görə, dəyişikliklər yalnız hərbçi və hərbi statuslu vətəndaşlarımıza şamil olunur: "Bu dəyişikliklər polislərə şamil olunmayacaq. Onlar mövcud qaydalar ilə pensiyaya çıxmaq hüququnu saxlayırlar. Sadəcə dəyişiklik polis sistemində hərbi status ilə çalışanlara aid ediləcək. Məsələn, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında çalışanlara dəyişiklik şamil ediləcək".
Deputat qeyd edib ki, hazırda bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur:
"Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər. Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda, öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək".
V.Bayramov əlavə edib ki, qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur:
"Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır".