“Diplomatik masa”da İsrail-Fələstin münasibətləri müzakirə olunub

Azərbaycan Universitetinin Siyasi və İctimai Elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Diplomatlar” klubu tərəfindən təşkil edilən “Diplomatik Masa” simulyasiya layihəsi uğurla davam edir. Layihə çərçivəsində keçirilən sayca üçüncü görüş bu dəfə dünya gündəmindən uzun illərdir düşməyən İsrail-Fələstin münasibətlərinə həsr olunub.

Tədbirdə tərəfləri təmsil edən gənc diplomatlar “İsrail hökumətinin Fələstinin Qərb Sahilində məskunlaşma siyasəti”, “Qəzzada dayanıqlı sülh perspektivləri” və “Fələstin-İsrail münaqişəsinin leqal və rasional həlli yolları” mövzularında öz mövqelərini əsaslandıran aktual arqumentlər irəli sürüblər. Onlar müzakirələri daha da dinamik və interaktiv etmək məqsədilə münaqişəyə dair foto və video materiallar nümayiş etdiriblər.

Xatırladaq ki, çempionatın keçirilməsində əsas məqsəd tələbələrdə natiqlik, müstəqil araşdırma və debat kimi bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır. Layihə çərçivəsində simulyasiyada iştirak edən komandalar görüşdən sonra Siyasi və ictimai elmlər kafedrasının müəllimləri tərəfindən bir neçə meyar üzrə qiymətləndirilir və yüksək nəticə göstərən komanda növbəti mərhələyə yüksəlir.