DOĞUM GÜNÜNƏ TƏBRİK

HƏR KƏS BİR YOLÇUDU ÖMÜR YOLUNDA,

YAZAR MƏLƏKLƏRİ SAĞI-SOLUNDA...

...KÖNÜL VERDİM ÖZ PİRİMƏ,

TANI GÜLLÜNÜ, GÜLLÜNÜ...

Güllü Eldar Tomarlı kimdir?

 

“Hər bir körpənin dünyaya gəlməsi o deməkdir ki, Allah hələ də bizə inanır” (Taqor). “Mən də bir iz qoyum” düşüncəsi ilə bu dünyanın nahamar yollarına çıxan, “özünə şairlər cərgəsində yer axtarmayan”, böyük iddialardan, mənəmlikdən uzaq Güllü Eldar Tomarlı Gürcüstan Respublikasının Rustavi şəhərində doğulsa da, əsli-kökü Qazax rayonunun dilbər guşəsi İncə dərəsinin Kəmərli kəndindəndir. İstedadlı söz adamı Pərvanə Bayramqızı yazıçı Seyran Səvavət haqqında yazdıqlarında vurğulayır ki, doğulanda evlərində ilk gördüyü divarı Vətən sayır Seyran Səxavət, ilkin Vətən olmasa, Böyük Vətən də olmur, - deyir. Doğrudan da Vətən beşikdən, balaca otaqdan, ucqar kənddəki daxmadan, evdən, həyətdən, obadan, yaxınlıqdakı təpədən, dağdan, bulaqdan, çaydan başlamırmı?

İnsan doğulan andan sevgiyə bələnir. Ata-ana sevgisi, nəvazişi, öpüşü, umidi ilə hər gün bir darı boyda böyüyür, yetkinləşir, yaxşını-pisi tanımağa, həyatı anlamağa başlayır. Tanrının insanı yaşatmaq, cəmiyyətə yararlı olmaq üçün ona ərmağan etdiyi sevginin çalarları saysız-hesabsızdır - hətta gözəllik yaradan rənglərdən dəfələrlə çoxdur. Baba, nənə ata, ana, bacı, qardaş, övlad, nəvə, nəticə, qohum-əqrəba, ev, yurd, torpaq, Vətən, bəşər sevgiləri ilə yaşamaq insan həyatına gözəllik, məna qatır, mükəmməlləşdirir. Həyat çətin olsa belə, ilahi sevginin qüdrəti çətinliklərə qalib gəlir. L.N.Tolstoya görə, həyatda yalnız bir xoşbəxtlik var - digəri üçün yaşamaq. Digəri kimdir, nədir? Xalqdır, dostdur, ailədir, övladdır, nəvədir, yaxşı qonşudur, Vətəndir, torpaqdır, sözdür, bütün mənəvi dəyərlərdir.

Güllü xanım gözünü açanda Rustavidəki evinin divarlarını görsə də, yaranışının kökü, mayası, təməli Kəmərlidi, İncə dərəsidi, sözdü, sazdı. Həmin gündən - dünyaya gələn kimi “mən gəldim!” ismarışı ilə ağlayan gündən zamanın axarı çox dəyişib, iki yanaşı “5”-li bir vaxt keçib...

1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirib. Həmin il də Rustavi Politexnik Texnikumunda təhsil almağa başlayıb. Körpəliyindən saz vurğunu olub.

İnam, İdrak, Mənəviyyat, İradə, Amalın birliyindən yeni dünyabaxış - Mütləqə İnam təlimi (öyrətisi) yaradan Asif Ata Türk, Tanrı və saz birliyini belə anladırdı:

“Türk irqi Göy irqidir hardasa. Öz yönünə görə, özünün fikrinə görə, onun sazına görə. Sazlıq - Tanrıçılıqdır, yerlə göyün birliyidir”.

Güllü xanımın xatirə boğçasından:

“Rustavidə evimizdən həmişə saz səsi gələrdi. Rəhmətlik atam Eldar Yunis oğlu özü də saza bağlı adamıydı. Aşıq Avdı Qaymaqlını, aşıq Əmrahı, Aşıq Kamandarı, aşıq Ədaləti, aşıq Cəlalı, aşıq Şəmistanı, aşıq Kərəmi çox sevərdi və təbii ki, bizə burdan pay düşürdü. Böyüdükcə şeir vurğunu oldum. Gürcüstanda yaşayıb-yaradan şairləri daha çox tanımağa başladım. Dünyamalı Kərəm, Alxan Binnətoğlu, Osman Əhmədoğlu, M.H.Bəxtiyarlı, Səadət Buta, Əli Səngərli imzaları daha çox diqqətimi çəkirdi... Onların təsiri ilə şeirlər yazardım”.

Güllü xanımda coşub-daşan həyat, yaratmaq eşqi, tükənməz fədakarlıq onun özünü təsdiq etməsini çox da gözlətmədi. Əgər ürəkdə od, atəş varsa, o, heç vaxt kül altında qala bilməz, mütləq közərib özünü, istisini göstərəcəkdir. Hətta kobud daşların arasından özünə yol tapıb gələn, daşları incələşdirən bir damla büllur su böyüyüb həzin zümzüməli bulağa çevrilir, ətrafına suya, sevgiyə təşnəliləri toplayır, Aşıq Ələsgərin dediyindən fərqli olaraq, təkcə çərşənbə günləri yox, hər gün, hər an qonaq-qaralı, sazlı, sözlü olur. Hətta belə bulaqlar o qədər incə, kövrək ruhlu, Ay, Günəş üzlü olur ki, adına “Qızlar bulağı” deyirlər. Güllü xanım da “Qızlar bulağı”ndan su içən kimi könlünü ilahi gözəlliklərə verdi. Gözəlliyə könül verənlərin daxili və zahiri gözəl olur. Belə varlığın adı insandır. Bütün vücudu gözəlliklərlə siləbəsilə dolu olanların üzündə həmişə işıq görsənir. Bu həm də daxilindəki işığın, enerjinin üzə çıxmasıdır. Həmin işıq, enerji Ayın nuru, Günəşin səxavəti kimi saflıq həmişə Güllü xanımın ürəyində, simasında, dilində, sözündədir. Onun söz boğçası, mənəviyyat xəzinəsi dopdoludur. “Öz kökünə köklənən” Güllü xanımın “meyli Haqda, xoş arzuda, xoş yığnaqda, diləkləri göy yaylaxda”dır. Onun könlünə inamı heç vaxt azalmayacaq:

 

Tanrıdandı sənə bu hal,

Taleyinə nə xoş yığval,

Güllü deyər: beləcə qal,

Beləcə qal, nolar, könlüm!

Uzun müddət Rustavi şəhər nəşriyyatında çalışıb. Gənc yaşlarından Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə Heyətinin və Qadınlar Şurasının sədri seçilib. Gürcüstanda, Azərbaycanda nəşr olunan qəzet və dərgilərdə şeirləri, publisistik yazıları dərc edilib, Tiflis radiosunda səsləndirilib. Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”), “Sosialist Rustavisi” (gürcü və rus dilində), “Samqori” (Qardabani rayonunun mətbu orqanı) qəzetlərində məqalələri çap olunardı. Vaxtaşırı radio ilə çıxış edərdi. Qədirbilənliklə və minnətdarlıq hissi ilə təcrübəli həmkarlarını xatırlamağı özünə borc bilir.

Güllü xanımın xatirə boğçasından:

“Radio verilişlərində iştirakım zamanı qolumdan tutan, məni daha da cəsarətləndirən jurnalist Emin Elsevəri, rəhmətlik Əlixan Düşgünü ömrüm boyu unutmayacağam. O anların sevinci, qüruru heç vaxt yadımdan çıxmaz. Belə təmənnasız insanların qayğısı ilə uzun müddət Rustavi mətbəəsində çalışdım. Əlixan Düşgünü unutmaq günahdı. Borçalı ədəbi mühitində öz sanbalı, öz yeri var. Uzun müddət Tiflisdə radioda Azərbaycan dilli verilişdə şərəflə çalışıb. 14 yaşımda mənim istedadıma sığal çəkib, səsimi lentə alıb, radio dalğalarında yayıb, kiçik yaşlarımdan qonarar almışam. Deyərdi ki, səsin yaxşıdı, tələsmə. Deyib canını qurtarmağa çalışma, qızım. Çalış dediklərin dinləyicilərə çatsın. O anların uşaq sevincini və qürurunu ömrüm boyu unuda bilmərəm. Bir hobbimi də deyim. Televiziyaya, videolentlərə baxmağı xoşlamıram. Xüsusilə özüm çəkilənlərə. Radioya qulaq asmağı çox sevirəm. Şeir, yaxud nə isə yazanda, nəyisə toxuyanda, mətbəxdə yemək hazırlayanda radio mənə stimul verir. Buna görə Əlixan Düşgünə minnətdaram”.

Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib. 2015-2022-ci illərdə “Aşıq Pəri Məclisi”nin müavini, bədii rəhbəri və mətbuat katibi olub. “Aşıq Ələsgər Ədəbi Məclisi”nin üzvü, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin humanitar məsələlər üzrə müşaviri və idarə heyətinin üzvüdür. Şairə, yazıçı, jurnalist, publisistdir. “Aşıq Pəri İnciləri” antologiyasının və “Aşıq Pəri Məclisi” kitabının tərtibçisi, Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım”, Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin 85 illiyi münasibəti ilə nəşr olunan “Öz içindən yanan bir ocağam mən” kitablarının redaktorudur. Maksim Sarıqayanın şeirləri toplanmış 760 səhifə həcmində "Göyçə həsrətli bir ömür” külliyatının redaktoru olmaqla yanaşı, həm də əhatəli on sözün müəllifidir. Tərtibçisi, redaktoru, ön söz müəllifi olduğu “Azərbaycan kəlağayısı - min illərin yadigarı”, “Vətən oğulsuz olmasın” kitabları da Güllü xanımın əməyinin məhsuludur.

Ana dilimizdən başqa gürcü və rus dillərini bilir. Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar Birliklərinin üzvüdür. Gürcüstanda, Özbəkistanda, Türkiyədə, İranda, bir sıra qəzet və dərgilərdə, ədəbi toplularda, poeziya almanaxlarında şeirləri və publisistik yazıları işıq üzü görüb.

“Beləcə qal, nolar, könlüm” (2015), “Aşıq Pəri İnciləri” (özbək dilində, çevirəni Dilbar Xaydarova, 2017), publisistik yazılardan ibarət “Bir az sazdan, bir az sözdən” (2017) kitablarının müəllifidir.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədridir.

Azərbaycanda ilk şəxsi “Kəlağayı Muzeyi”nin direktorudur.

Güllü Eldar Tomarlı təvəzökarlıqla özünün ömürlüyünü (avtobioqrafiya, tərcümeyi hal da deyirik, hər ikisi yad sözdü, ana dilimizə də hər gün təcavüz edirik, danışmağı ar bilirik, doğmalarımız kimi dilimiz də özgələşir) dörd misraya yerləşdirir:

 

Dağlardan aşmışam, düzlə gəlmişəm,

Ən doğru cığırla, izlə gəlmişəm.

Haqq mənə pay verib öz qüdrətindən,

Sazla pərvazlanıb, sözlə gəlmişəm.

“Haqdan ayrı ömür-günü hədər” sayan, “doğruluğu dost qapısı bilənlər, haqqa doğru könül verər bir ömür” inamlı Güllü xanım “arzusuyla qol-qola ömür adlı yola çıxıb”, - Aşıq Veysəl misalı, gündüz-gecə uzun, incə bir yoldadı. Doğmaları, onu dəyərləndirən ətrafı, uğurlarına sevinənlər tərəfindən sevildiyini bilənlərdə özünəinam əbədi məşəl kimi daim yanar olur. Bu, onun qəlbindəki mayakdır, daxili ilə yanaşı, ətrafını da işıqlandırır.

Tanrıya doğru yol ən ali məqamdır. Hind xalqının xilaskarı Mahatma Qandinin düşüncəsinə görə, Tanrıya çatmaq istəyirsənsə, insana xidmət et. Bu ilahi yola çıxanların əvvəl izi, cığırı olur, sonra da öz yolu. Özünəgüvənlilərə taleyin bəxşişidir bu. İki “əla” arasındakı ömür payını ləyaqətlə - üzüağ, alnıaçıq, başı uca yola salan Güllü xanım xoşbəxt ana, ömür-gün yoldaşı, nənədir. Ömür-gün yoldaşının, dörd övladının, səkkiz şirin-şəkər nəvəsinin başına işıqsevən pərvanə kimi dolanmaqdan yorulmur, doymur.

“Sevgi və zəhmət hörülən insanlıq binasının özülündə dayanan daşlardır” (Z.Freyd). Təmənnasız, qəlbi, gözü tox Güllü xanımın məqsədi öz mənəvi imarətinin daşlarını özülə öz əli ilə möhkəm hörməkdir.

 

UĞURLAR!

 

Vaqif Osmanov