“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət vasitəsilə davamlı Sülh yaradaq!” Beynəlxalq Forumu Bakı şəhərində öz işini başa vurdu.
10 xarici ölkəni təmsil edən QHT rəhbərləri, gənc liderlər və eləcədə ölkəmizin gənc fəalları, ekspert və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Beynəlxalq Forumun bağlanış tədbirində 4 gün ərzində təşkil olunan müxtəlif panel müzakirələri, interaktiv sessiyalar, görüş və digər tədbirlərin qiymətləndirilməsi aparıldı, ölkəmizin mədəniyyətlərarası dialoq, sülh naminə mədəniyyət, mədəni diplomatiya və sülh mədəniyyətinin inkişafı sahəsində təşəbbüsləri təqdirəlayiq hesab edildi, “Bakı Prosesi”nin geniş arealda təbliği və tətbiqinin zərurəti qeyd edildi.
Forum iştirakçıları yekdilliklə Forum adından Bəyannamə qəbul etdilər ki, sənəddə ilk növbədə Bakıda təşkil olunan bu beynəlxalq tədbir, onun təşkilatçı, dəstəkçi və tərəfdaşlarının rolu müsbət dəyərləndirildi. Bəyannamədə eyni zamanda Azərbaycanın “Bakı Prosesi” qlobal təşəbbüsü müsbət və dayanıqlı model kimi dünyada geniş yayılması və ona qoşulmağın motivasiyası qeyd olundu. Bəyannamə bu mövzuda gənclər arasında beynəlxalq və regional əməkdaşlıq və tərəfdaşlığı da təqdir edərək, bu istiqamətdə davamlı olaraq müxtəlif layihə və proqramların icra olunmasını tövsiyyə etdi və gənclərin mədəniyyətlərarası dialoq, sülh mədəniyyəti və mədəni diplomatiya sahəsində şəbəkələşmə addımlarını stimullaşdıran təkliflərin hazırlanmasını qeyd etdi.
Forumun yekununda xarici və yerli iştirakçılar sertifikatlarla təltif edildi və xatirə şəkilləri çəkdirildi.