Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun dünyada nüfuzunu nəzərəçarpacaq dərəcədə artırıb. Tarixi Qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə bütün region yeni reallığa qədəm qoydu. Biz hər gün bu reallığın müsbət nəticələrini görürük. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, Zəngəzur dəhlizinin təməlini qoyması deyilənlərin əyani sübutudur.
Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin postkonflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyətindən danışan deputat qeyd edib ki, bu səfər Azərbaycan-Türkiyə birliyinin əyani təzahürüdür. Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı regional və dünya miqyasında önəmli amilə çevrilib.
Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilməsini vurğulayan M.Abbaszadə deyib: “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Cəmi səkkiz aya başa gələn Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Bütün sahələrdə, o cümlədən işğaldan azad edilən torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Bu, Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının birgə uğurudur”.
Oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun əhəmiyyətini vurğulayan deputat qeyd edib ki, Zəngəzur dəhlizi nəinki Azərbaycan və Türkiyəyə, bütün region ölkələrinə xeyir gətirəcək: “Bu dəhliz dünya xəritəsi üçün kiçik bir ərazini əhatə etsə də onun geosiyasi əhəmiyyəti böyükdür və onilliklər boyu regionda formalaşmış nəqliyyat-kommunikasiya arxitekturasına əsaslı şəkildə təsir göstərmək imkanına malikdir. Rusiya və Ermənistan arasında marşrut təmin ediləcək və Rusiya üçün İrana və Yaxın Şərq ölkələrinə alternativ marşrut açılacaq. Dəhlizin açılması ilə Ermənistan iqtisadi təcriddən azad olacaq”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını özündə ehtiva edir. Dövlətimizin başçısının hər bir qərarının arxasında Azərbaycan dövlətinin möhkəmləndirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi dayanır.