Hər bir müəssisənin taleyi onu idarə edən şəxsin vicdanı, peşəkarlığı və insanlara münasibəti ilə ölçülür. Elə rəhbərlər var ki, bütün varlığı ilə dövlətinə, xalqına xidmət edir, illərlə zəhmət çəkərək bir ocağı dirçəldir və onu nümunəvi səviyyəyə çatdırır. Lakin təəssüf ki, bəzən həmin insanların qurub yaratdığı sistem sonradan vəzifəyə gətirilən səriştəsiz rəhbərlərin əlində qısa müddətdə dağıdılır. Bu isə təkcə bir şəxsin taleyi deyil, bütövlükdə cəmiyyətin, dövlət qurumlarının və ən əsası, sadə vətəndaşların itkisidir.
Belə nümunələrdən biri Respublika Psixiatriya Xəstəxanasında baş verən hadisələrlə bağlıdır. Uzun illər bu tibb müəssisəsinə rəhbərlik edən Ağahəsən Rəsulov xəstəxananı təkcə müalicə ocağı kimi deyil, həm də insani münasibətin hökm sürdüyü bir məkan kimi formalaşdırmışdı. Onun rəhbərliyi dövründə xəstəxananın ərazisi sanki bir bağçanı xatırladırdı. Əncir, gavalı, alma və zeytun ağacları, səliqəli yaşıllıq sahələri burada xüsusi bir mühit yaratmışdı. Bu mühit həm xəstələrin fiziki, həm də psixoloji durumuna müsbət təsir göstərirdi.
Ağahəsən Rəsulov təkcə inzibati rəhbər deyildi. O, xəstələrin həyatına toxunan, onların gündəlik qayğılarını düşünən bir həkim idi. Xəstəxananın ərazisində yetişən əncir, gavalı və zeytunlardan yığılan meyvələrdən xəstələr üçün mürəbbə hazırlanması kimi təşəbbüslər də məhz onun ideyası idi. Bu, sadə görünən, lakin xəstələr üçün böyük mənəvi əhəmiyyət daşıyan bir qayğı nümunəsi idi. Bir sözlə, o, həmin xəstəxananı müasir standartlara uyğunlaşdırmaqla yanaşı, onu həqiqi mənada humanist bir tibb ocağına çevirmişdi.
Lakin sonradan onun vəzifədən uzaqlaşdırılması və yerinə təcrübəsi az olan bir şəxsin təyin edilməsi bu qurumda formalaşmış müsbət ənənələrin tədricən zəifləməsinə gətirib çıxardı. İllərlə qurulan sistemin, yaradılan nizam-intizamın və humanist yanaşmanın qısa müddətdə sarsılması isə həm kollektivdə, həm də cəmiyyət arasında ciddi narahatlıq doğurur.
Oxşar vəziyyət başqa bir nüfuzlu tibb müəssisəsində – Cavadzadə adına Respublika Uroloji Xəstəxanasında da müşahidə olunur. Bu xəstəxana uzun illər Azərbaycan uroloji məktəbinin yaradıcısı, görkəmli alim, akademik Mirməmməd Cavadzadənin adı ilə bağlı olub. Onun yetirmələrindən biri olan, peşəkarlığı və təcrübəsi ilə tanınan Fariz Babayev bu xəstəxananın fəaliyyətində mühüm rol oynayan rəhbərlərdən biri idi.
Lakin müəyyən qərarlarla Fariz Babayevin də işindən uzaqlaşdırılması və yerinə təcrübəsi az olan bir şəxsin təyin edilməsi kollektivdə və pasiyentlər arasında narazılıq doğurub. Həkim peşəsi təkcə bilik və bacarıq deyil, həm də yüksək etik davranış, insana hörmət və mədəniyyət tələb edir. Təəssüf ki, bəzi hallarda bu prinsiplərə əməl olunmadığı barədə fikirlər səslənir.
Xəstələrin sözlərinə görə, bəzən palatalara daxil olan rəhbərlik nümayəndələri xəstələrə salam vermək kimi sadə etik qaydalara belə riayət etmirlər. Halbuki xəstəxana insanın ağrısına şərik olunan, ona ümid və təsəlli verən bir məkandır. Belə bir yerdə etik davranış və humanist münasibət ən əsas meyarlardan biri olmalıdır.
Digər tərəfdən, rüşvətxorluqla bağlı səslənən iddialar da cəmiyyətdə ciddi narahatlıq yaradır. Səhiyyə sahəsində belə halların mövcudluğu insanların bu sistemə olan inamını sarsıdır. Onsuz da xəstəxanaya üz tutan insanın ən böyük ehtiyacı diqqət və qayğıdır. Onun qarşısına əlavə maneələrin çıxarılması isə səhiyyə sahəsinin humanist mahiyyətinə ziddir.
Baş həkimin iş yerində tapılmaması isə artıq adi hala çevrilib. Sadə bir sənədə imza atdırmaq üçün istər tibbi personal, istərsə də xəstələr saatlarla gözləməli olurlar. Bəzən gün ərzində belə həmin məsələni həll etmək mümkün olmur. Bu isə həm iş prosesinin ləngiməsinə, həm də vətəndaşların haqlı narazılığına səbəb olur.
Maraqlıdır ki, Fariz Babayevi işdən uzaqlaşdıran TƏBİB rəhbəri çox keçmədən özü də qanun pozuntularına görə vəzifəsindən kənarlaşdırıldı. Lakin onun buraxdığı səhvin nəticələri hələ də aradan qaldırılmayıb. Bu isə haqlı olaraq belə bir sual doğurur ki, əgər qərarı verən şəxsin özü qanunu pozduğuna görə vəzifəsindən uzaqlaşdırılıbsa və həmin qərarın yanlış olduğu aydın görünürsə, niyə bu səhv düzəldilmir?
Fariz Babayev bu gün həkimlik fəaliyyətinin ən məhsuldar dövrünü yaşayır. Onun uzun illər qazandığı təcrübə, elmi bilikləri və pasiyentlər arasında qazandığı etimad Azərbaycan tibb elmi və praktikasına xidmət edə biləcək böyük potensialdır. Belə bir mütəxəssisin səhiyyə sistemindən kənarda qalması, sözsüz ki, tibb sahəsi üçün itki deməkdir.
Xalq arasında deyilən müdrik bir ifadə belə halları çox dəqiq təsvir edir: “Bir dəlinin quyuya atdığı daşı yüz ağıllı çıxara bilmir”. Bu gün səhiyyə sistemində də məhz ağıllı və ədalətli qərara ehtiyac var. Çünki səhvi etiraf edib onu düzəltmək zəiflik deyil, əksinə, dövlət idarəçiliyinin gücünü və məsuliyyətini göstərən ən mühüm addımlardan biridir.
Ümid edək ki, səhiyyə sistemində qəbul edilən qərarlar bundan sonra daha çox peşəkarlıq, ədalət və dövlət maraqları əsasında veriləcək. Qurub-yaradan, ömrünü tibbə və insan sağlamlığına həsr edən mütəxəssislərin dəyəri isə gec də olsa, layiqincə qiymətləndiriləcək.
Əlavə olaraq qeyd edək ki, TƏBİB və İcbari Tibbi Sığorta qurumlarının statistik məlumatlarında da göstərilir ki, direktor Fariz Babayev və baş həkim Nicat Kərimovun fəaliyyəti dövründə ambulator və stasionar xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdı. Bu isə sadəcə söz deyil, göstərilən xidmətlərin konkret nəticələrlə təsdiqlənən bariz nümunəsidir.
Belə olan halda isə haqlı bir sual yaranır ki, əgər rəsmi statistik məlumatlar belə həmin dövrdə xidmətlərin daha yüksək səviyyədə olduğunu təsdiqləyirsə, bəs niyə bu rəhbərlər vəzifədən kənarlaşdırılıb?
Bir müəssisəni qurmaq illər tələb edir, onu dağıtmaq isə cəmi bir neçə yanlış qərarın nəticəsi ola bilir. Lakin tarix həmişə göstərib ki, zəhmətlə yaradılan dəyərlər gec-tez öz qiymətini alır, onları yaradan insanların əməyi isə unudulmur.
Çünki səhiyyə sadəcə idarə olunan bir sistem deyil, o, insanların ümidinin, həyatının və sağlamlığının etibar edildiyi müqəddəs bir sahədir. Bu sahədə verilən hər qərarın arxasında minlərlə insanın taleyi dayanır.
Ona görə də ən böyük sual yenə də açıq qalır - qurub-yaradan, peşəkarlığı və zəhməti ilə bir ocağı ayaqda saxlayan insanlar kənarlaşdırılarkən, onların yerini tutanlar həmin məsuliyyətin ağırlığını daşıya biləcəklərmi?
Bəzən bir qərarın qiymətini təkcə bir rəhbər deyil, bütöv bir sistem, hətta cəmiyyət ödəməli olur.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.