Dünya azərbaycanlılarına ünvanlanan tarixi mesaj

Dünya siyasətində baş verənlər göstərir ki, böyük güclərin qarşıdurmasında soyuq və isti müharibəni bir-birindən ayıran xətt çox xəfifdir. Tətbiq olunan iqtisadi sanksiyalar, informasiya məkanının məqsədli şəkildə yönləndirilməsi, qarşılıqlı kompromat və dezinformasiya savaşında feyk məlumatlardan xüsusi fəallıqla istifadə olunması, dünya liderlərinin bir-birilərinin ünvanına ictimai surətdə işlətdikləri və diplomatiyanın ənənəvi leksikonuna yad olan ağır ifadələr məhz soyuq müharibənin təzahürüdür. Aydın şəkildə görünən həm də odur ki, təsir və nüfuz uğrunda gedən bu savaşda başqa dövlətlərin əraziləri platsdarm qismində seçilir. Tarixən belə olub, indi də belədir. Fərq ondadır ki, maraqların toqquşma ünvanı Yaxın Şərq, müsəlman ölkələrindən artıq Qərbə-Avropaya transfer olunub. Zatən, Şərqdə dağıdılan dağıdılıb, parçalanması nəzərdə tutulan ölkələr parçalanıb, böyük güclərin iqtisadi və siyasi təsir dairələri öz aralarında bölüşdürülüb. İndi hədəfdə Ukraynadır, onun ərazi bütövlüyünə yönələn təhlükələr dünyanın gündəmindədir. Son 30 ildə ölkəmizin qarşısında dayanan əsas vəzifə torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də o idi ki, bu yolda Azərbaycan böyük güclərin açıq toqquşma məkanına çevrilməsin, Ukraynanın aqibəti ilə üzləşməsin. Qarabağ, torpaq həsrətimizin bu qədər uzun sürməsinin səbəblərindən biri də bu idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi fikirlər ölkə hakimiyyətinin həllinə nail olduğu bu vəzifənin mürəkkəbliyindən, təhlükələrin ciddiliyindən kifayət qədər xəbər verir: “Bu siyasətin mənbələri dəyişə bilər, bu, dünyada geosiyasi vəziyyətə bağlıdır, bəzi güc mərkəzləri güclənir, bəzilər zəifləyir. Ancaq sözün düzü, mən onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmürəm və mənim iş təcrübəm bunu deməyə əsas verir... Daha mən xırdalamaq istəmirəm, hər kəs başa düşür mən nəyi nəzərdə tuturam. Nəticə etibarilə nə oldu? Ölkələr faktiki olaraq öz müstəqilliyini itirdilər”.

Ü.Quliyev deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər həm də bu səbəbdən son iki yüz illik tariximizin böyük qələbəsi hesab olunur. Prezidentlə xalqımızın niyyət birliyi, ortaya qoyulan siyasi iradə və fədakarlıq sayəsində həm tarixi ədalət bərpa edildi, həm də müstəqilliyimizə yarana biləcək təhlükələrin, məkrli siyasi konfiqurasiya cəhdlərinin qarşısı alındı. Müharibədən ötən dövr göstərir ki, ermənipərəst dairələrin siyasi oyunbazlığına və riyakarlığına baxmayaraq, ölkəmizin bölgədə yaratdığı yeni reallıq dünyanın aparıcı dövlətləri tərəfindən qəbul olunmaqdadır. Sözsüz ki, bu reallığı dəyişmək meyilləri tam ötüşməyib, erməni havadarlarından bəzilərinin belə niyyəti hələ də qalır. Lakin Azərbaycan Prezidentinin ümummilli maraqlarımızın qorunmasına xidmət edən praqmatik siyasəti artıq öz sözünü deməkdə və ölkəmiz üçün gərəkli olan nəticələrini verməkdədir. Prezident İlham Əliyevin yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa olunacaq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimindəki bu açıqlaması yürüdülən praqmatik siyasətin məqsədlərinə də aydınlıq gətirir: “Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin fevralın 4-də Bakıda keçirilən VIII toplantısı da göstərdi ki, dövlətimizin başçısı tərəfindən müəyyən olunmuş iqtisadi strategiya iqtisadi müstəqilliyimizin daha da möhkəmlənməsinə hesablanıb. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə və təsir gücünə malikdir. Bir zamanlar xarici təzyiq və müdaxilələr nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə vəsait ayırmaqdan çəkinən beynəlxalq maliyyə institutlarının əksəriyyəti Cənub Qaz Dəhlizinə fərqli münasibət göstərdilər, yekdilliklə ona dəstək verdilər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı layihənin reallaşması üçün imkanlarını bu dəfə əsirgəmədilər. Çünki dünyanın aparıcı ölkələri və beynəlxalq qurumlar layihənin iqtisadi rentabelliyini və strateji əhəmiyyətini nəzərə almaqla yanaşı, Azərbaycan hakimiyyətinin müstəqil siyasət yürütdüyünə və etibarlı tərəfdaş olduğuna ötən illər ərzində əmin oldular. Prezident İlham Əliyevin bu açıqlaması da ölkəmizin nail olduğu siyasi mənzərənin reallığını əks etdirir: “Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”. Prezident İlham Əliyevin müəllifi olduğu praqmatik siyasətdən danışarkən, məhz bu addımları, belə iqtisadi layihələri nəzərdə tutur. Qalib Azərbaycanın bölgədə yaratdığı yeni reallıq xarici tərəfdaşlar tərəfindən artıq həssaslıqla qarşılanır və daha çox nəzərə alınır. Təsadüfi deyil ki, cəmi bir neçə ay əvvəl ölkəmizə Ermənistandan 20 dəfə az maliyyə vəsaiti ayırmağı planlaşdıran Avropa Komissiyasının enerji məsələləri üzrə komissarları Bakıdakı toplantıda bəyan etdilər ki, qərarlarında zəruri dəyişiklik ediblər və Azərbaycana ayıracaqları vəsaitin həcmini iki milyarda qədər artırıblar. Beynəlxalq aktorlar tərəfindən ölkəmizin geoiqtisadi, geosiyasi layihələrdə artmaqda olan rolu və nüfuzu ilə getdikcə daha çox hesablaşılması bu qərar dəyişikliyinin özündə də açıq-aydın görünür”, - deyə deputat qeyd edib.

Ülvi Quliyev diqqətə çatdırıb ki, dövlətlərini qura bilmiş bütün xalqlar üçün əsas və mürəkkəb vəzifələrdən biri müstəqilliklərinin əbədi olması və onun mümkün təhlükələrdən etibarlı şəkildə qorunmasıdır. Azərbaycan hakimiyyətinin və xalqımızın sadiq olduğu ali dəyərlərdən biri də məhz budur. Ötən il iyunun 15-də Prezident İlham Əliyevlə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları tarixi Şuşa Bəyannaməsinin iki ölkənin parlamentində ratifikasiyaya çıxarılması bu hədəfə xidmət edən ciddi siyasi hadisədir. Bununla yanaşı, tarixi Zəfərimiz sübut etdi ki, müstəqilliyimizin əbədi və təhlükəsizliyimizin dayanıqlı olmasında daxili birliyimizin, həmrəyliyimizin əhəmiyyəti danılmazdır. Xarici təhdidlərin, erməni havadarlarının və ermənipərəst dairələrin qarşısında ən güclü sipərimiz məhz nail olduğumuz tarixi birliyimizdir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında söylədiyi bu fikir həm də bu mənada xüsusi əhəmiyyətə malikdir və erməni təəssübkeşlərinə ciddi mesajdır: “Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü-dekabrın 31-də, - yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür, - azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik”.

Bu, həm də cəmiyyətimizə və bütün dünya azərbaycanlılarına ünvanlanan, daim xidmət göstərməli olduğumuz tarixi mesajdır.