Dünya gücləri regionda dayanıqlı sülhün təmin olunmasına dəstək göstərməyə hazırdır

“Siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycan 30 illik işğal dövründə daim dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa çağırışlar edərək beynəlxalq hüquq prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb edirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələrində, çıxışlarında da bu fikir önə çəkilir ki, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Ermənistana zamanında təzyiqlər göstərsəydi  proseslər bu şəkildə cərəyan etməz, müharibə yaşanmazdı.  Diqqət çəkən  budur ki, bu gün regionda dayanıqlı sülhün təmin olunmasında maraqlı olan və buna nail olmaq üçün dəstək göstərməyə hazır olduqlarını bildirən dünya gücləri o zaman seyrçi mövqedə dayanmağa daha çox üstünlük verir, Ermənistanın əsassız iddialarına dəstək olurdular. Azərbaycanın tarixi Zəfəri həqiqətləri olduğu kimi qəbul etməyə yol açdı. Ötən il yanvarda Moskva, noyabrda Soçi, dekabrda Brüssel görüşləri bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Bu görüşlərin sonunda qəbul olunan birgə Bəyanatlarda ATƏT-in Minsk qrupundan bəhs olunmaması, həmçinin “Dağlıq Qarabağ” ifadəsinin yer almaması bir daha münaqişənin sona çatdığını, qurumun vasitəçiliyinə ehtiyacın olmadığını təsdiqlədi. Eyni fikirlər fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan  Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanının  baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda  keçirilən görüşün sonunda qəbul olunan Bəyanatda da yer almışdır. Bu sənəd Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilir.”

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.     

M.Həsənov qeyd edib ki, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb: “Dövlət başçısı İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir.  Belə ki, ölkə Prezidenti İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi  diqqət yönəltmişdir”.

“Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin qısa zamanda başa çatdırılmasına mane olan amil həmin ərazilərin minalardan təmizlənməsidir. Bu proses həm xeyli vaxt, həm də vəsait tələb edir. Dövlət başçısı, Müzəffər Ali Baş  Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən Ermənistandan mina xəritələrini verməsini tələb edib.  Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə, onun ardınca Füzuli və Zəngilanda basdırılmış 92 min minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdir.  Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələbinə səs verməli, Ermənistandan bütün mina xəritələrinin təqdim olunmasını qəti şəkildə tələb etməlidirlər. Azərbaycan işğaldan azad edilmiş ərazilərimizi minalardan təmizləmək və orada təhlükəsiz həyat üçün zəruri olan şəraiti yaratmaq imkanındadır. Ölkəmiz bu ərazilərdə  sıfırdan başlanan bərpa və quruculuq işlərini məhz öz maliyyə  vəsaitləri hesabına həyata keçirir. Ərazilərin minalardan təmizlənməsi Qarabağda bərpa-quruculuq işlərini ləngidə bilər. Tarixi Zəfərimizin yaratdığı reallıqların qəbulu kimi dəyərləndirilən Moskva, Soçi, Brüssel görüşlərində, həmçinin fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə videoformatda keçirilən görüşdə də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması məsələsinin gündəliyə daxil edilməsi Ermənistana dünya gücləri tərəfindən ciddi xəbərdarlıqdır”, - deyə deputat bildirib.

M.Həsənov vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması, Avropa ölkələrinin enerji təhlükəsizliyinin gücləndirilməsi işinə verdiyi töhfələr yüksək qiymətləndirilir: “Dekabrın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında da ölkəmizin enerji sektorunda qazandığı uğurlar, dünyanın enerji təhlükəsizliyinin təminatında rolu önə çəkilmişdir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycanın ev sahibliyi ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Eyni zamanda, Azərbaycan dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri uğurlu sonluqla başa çataraq digər layihələrin gündəmə gətirilməsini şərtləndirir. Toplantıda dövlət başçısı İlham Əliyev “Əlbəttə, biz gələcəyə baxmalıyıq və mən əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcək” söyləyərək bu çağırışı etmişdir ki, yeni nəticələrin necə əldə olunması üçün biz gələcəyimizi koordinasiya və xoşməramlı şəkildə birlikdə planlaşdırmalıyıq”.