Əli Əsədov Soçidə iclasda iştirak etdi

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. 

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, Baş nazir Prezident İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakının əhəmiyyətini qeyd edib.   

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə investisiya sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edən Ə.Əsədov iclas iştirakçılarını ölkəmizdəki əlverişli investisiya mühiti barədə məlumatlandırıb: “Biz xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaratmışıq”.

Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının üzvlərinin diqqətini Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üzrə gördüyü işlərə çəkib. O bildirib ki, ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları tikilib və ya əsaslı təmir olunub: “Bu gün biz Şimal nəqliyyat şəbəkəsini Cənub və Şərq şəbəkələri ilə birləşdirərək, azad olunmuş Qarabağda avtomobil və dəmir yollarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına sərmayə yatırırıq”. 

Qeyd olunub ki, Azərbaycan ərazisində - Laçında artıq 2025-ci ildə istismara veriləcək 9-cu beynəlxalq hava limanının tikintisi yüksək sürətlə gedir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması üzrə işlər davam etdirilir. Bütün bu tədbirlər yükdaşımaların artan həcminin öhdəsindən gəlmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli şəkildə artırmağa imkan verəcək.