Publisistik məqalə
Cəmiyyətin inkişaf səviyyəsi onun müəllimə verdiyi dəyərlə ölçülür. Tarixin bütün mərhələlərində müəllimin nüfuzu yüksək olan xalqlar elmdə, mədəniyyətdə, iqtisadiyyatda və dövlət quruculuğunda mühüm uğurlar qazanmışlar. Çünki müəllim yalnız dərs deyən şəxs deyil – o, vətəndaş yetişdirən, milli kimliyi qoruyan, mənəvi sütunları möhkəmləndirən əsas qüvvədir.
Müəllim cəmiyyətin memarıdır. Onun formalaşdırdığı nəsil sabahın alimlərini, həkimlərini, mühəndislərini, diplomatlarını, mədəniyyət xadimlərini yetişdirir. Bu baxımdan müəllim faktoru milli təhlükəsizlik məsələsi qədər strateji əhəmiyyət daşıyır. Savadsız cəmiyyət hər cür təhlükəyə açıqdır, savadlı xalq isə öz gələcəyinin sahibidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən ardıcıl islahatlar, xüsusilə təhsil sahəsində aparılan genişmiqyaslı layihələr, müasir məktəblərin inşası, müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlətin gələcəyə hesablanmış uzaqgörən siyasətinin göstəricisidir. Təhsil sahəsinə yönələn bu diqqət cəmiyyətin sağlam inkişafını təmin etməyə xidmət edir.
Lakin təəssüf ki, bəzən bu dövlət siyasətini kölgədə qoyan, onu şəxsi maraqlar naminə zədələyən məmur davranışları cəmiyyətdə ciddi narazılıq doğurur. Vəzifəni xidmət vasitəsi deyil, imtiyaz kimi qəbul edənlər unudurlar ki, hüquqi dövlətdə hər kəs – sosial statusundan və vəzifəsindən asılı olmayaraq – qanun qarşısında bərabərdir. Bu prinsip pozulduqda sosial ədalət anlayışı da zədələnir.
Cəmiyyətin əsas problemlərindən biri də müəllim zəhmətinin lazımi səviyyədə qiymətləndirilməməsi, elm adamlarının kölgədə qalmasıdır. Bunun fonunda bəzən ünsiyyət mədəniyyətindən, idarəetmə etikası və peşəkarlıqdan uzaq şəxslərin mühüm vəzifələrdə təmsil olunması ictimai narahatlıq yaradır. Bu hal yalnız sosial ədalətsizlik deyil, həm də milli inkişaf strategiyasına zərbədir.
Bir zamanlar müəllim ailənin, məhəllənin, bütövlükdə cəmiyyətin mənəvi rəhbəri sayılırdı. Valideynlər övladlarını müəllimə etibar edərkən rahatlıq tapırdılar. Müəllim tərbiyəsi alan nəsil böyüyə hörmət, kiçiyə qayğı, vətənə sevgi və dövlətə sədaqət ruhunda böyüyürdü. Bu gün bu dəyərlərin bərpası müəllimin cəmiyyətdəki nüfuzunun yenidən yüksəldilməsi ilə mümkündür.
Bu baxımdan, xaricdə yaşayan ziyalılarımızın, alimlərimizin, mədəniyyət xadimlərimizin Vətənə qayıdaraq elmi və sosial proseslərdə fəal iştirak etməsi mühüm əhəmiyyət daşıyır. Onların intellektual potensialının ölkə daxilində səfərbər edilməsi cəmiyyətin mənəvi və intellektual sağlamlığına ciddi töhfə verə bilər.
Bəzən satirik dillə desək, bəzi məmurlar üçün “maarifləndirici fasilə” elan etmək yerinə düşərdi. Bu müddətdə müəllimlərimiz onlara etik davranış, hüquqi məsuliyyət, dövlət idarəçiliyi mədəniyyəti və vətəndaşlarla düzgün ünsiyyət qaydalarını öyrətsəydilər, bəlkə də sosial mühitimiz xeyli sağlamlaşardı. Çünki vəzifə kreslosu insanı ucaldan deyil, məsuliyyətini artıran mövqedir.
Müəllimin sosial rifahının yüksəldilməsi cəmiyyətin sağlamlaşmasının əsas şərtidir. Müəllim layiqli həyat şəraitinə malik olmalıdır ki, gələcəyi quracaq nəsli sağlam ruhda yetişdirə bilsin. Müəllimin həyat keyfiyyəti yüksəldikcə, cəmiyyətin mənəvi səviyyəsi də yüksəlir.
Bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən biri güclü insan kapitalının formalaşdırılmasıdır. Bu strategiyanın mərkəzində isə müəllim dayanır. Ona görə də müəllimə verilən dəyər, əslində, dövlətin öz gələcəyinə verdiyi dəyərdir.
Unutmayaq ki, cəmiyyətin ən etibarlı inkişaf yolu təhsildən keçir. Təhsil – mədəniyyətin, hüququn, iqtisadiyyatın və sosial rifahın təməlidir. Təhsilsiz inkişaf, müəllimsiz isə təhsil mümkün deyil.
Bu səbəbdən də bu gün hamımız bir həqiqəti dərk etməliyik:
Təhsil, təhsil və yenə də təhsil!
Çünki güclü müəllim – güclü dövlət, savadlı cəmiyyət – güclü gələcək deməkdir.
Hörmətlərimlə:
C.Cabbarlı adına Türkiyə Azərbaycan Teatrının qurucu rəhbər,
Xarıbülbül Azərbaycan Mədəniyyət Birliyi
Qurucu rəhbər.
Xaricdə Azərbaycana göstərdiyi diaspor fəaliyyətlərindən medalla ödülləndirilmiş
Azərbaycan sevdalısı və mədəniyyətin bütün sahələrində təmsilçisi
Kəmalə Cabbarova