Zərifə Əliyeva Azərbaycan xalqının yaddaşında yalnız görkəmli alim kimi deyil, həm də milli-mənəvi dəyərlərin qoruyucusu, yüksək mənəviyyatın daşıyıcısı və əsl Azərbaycan qadını nümunəsi kimi yaşayır. Onun adı çəkiləndə ilk olaraq insanın qəlbində bir işıq, bir nur hissi oyanır. Bu işıq təkcə onun həkim kimi insanlara görmə qabiliyyətini qaytarması ilə bağlı deyil, eyni zamanda onun yaşadığı həyatın mənəvi zənginliyindən, xeyirxahlığından və insanlara olan dərin sevgisindən qaynaqlanır. O, həyatını insanlara xidmətə, elmə və cəmiyyətin inkişafına həsr etmiş, bu yolda böyük fədakarlıq nümayiş etdirmişdir.
Zərifə xanımın həyat yolu Azərbaycan qadınının gücünü, zərifliyini və mənəvi ucalığını özündə birləşdirən nadir nümunələrdən biridir. O, bir tərəfdən dünya səviyyəli alim kimi tanınırdısa, digər tərəfdən milli-mənəvi dəyərlərimizi yaşadan, ailə institutunu qoruyan, nəsillər arasında mənəvi körpü yaradan bir qadın idi. Onun həyat fəlsəfəsində milli kimlik, mənəvi saflıq və insanlara sevgi əsas yer tuturdu.
Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyev ailəsində dünyaya göz açmışdır. Bu ailədə, yüksək mədəniyyət və dərin mənəvi dəyərlər onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdır. Atasının dövlətə və xalqa xidmət nümunəsi, onun zəhmətsevərliyi və prinsipiallığı Zərifə xanım üçün bir həyat məktəbi olmuşdur. Bu mühitdə böyüyən Zərifə xanım erkən yaşlarından məsuliyyətli, vicdanlı və məqsədyönlü bir insan kimi formalaşmışdır.

Zərifə Əliyevanın həyatının ən mühüm dayaqlarından biri onun ailəsi, xüsusilə də həyat yoldaşı Heydər Əliyev ilə qurduğu möhkəm münasibətlər idi. Heydər Əliyev ilə Zərifə Əliyeva arasındakı ailə bağları Azərbaycan tarixində yalnız bir nikah münasibəti kimi deyil, həm də dərin mənəvi harmoniyaya, qarşılıqlı sevgi və hörmətə, sarsılmaz sədaqətə əsaslanan nümunəvi bir həyat yolu kimi qiymətləndirilir.Bu iki böyük şəxsiyyətin ailə həyatı adi məişət çərçivəsini aşaraq, həm şəxsi, həm də ictimai mənada bir məktəb rolunu oynamışdır. Onlar üçün sevgi-ailə bir-birini anlamaq, dəstəkləmək və həyatın ağır məsuliyyətlərini birlikdə daşımaq idi . Heydər Əliyev dövlətçilik fəaliyyəti ilə məşğul olduğu, ağır siyasi məsuliyyət daşıdığı illərdə Zərifə Əliyeva onun üçün ən böyük mənəvi dayaq olmuşdur.

Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətləri olan böyük dövlət xadimi idi . Belə bir şəxsiyyətin həyatında Zərifə xanımın rolu yalnız ailə çərçivəsi ilə məhdudlaşmırdı. O, həyat yoldaşının ən çətin və məsuliyyətli anlarında onun yanında olmuş, ona mənəvi dayaq vermişdir.Onların münasibətləri qarşılıqlı hörmət, sevgi, sədaqət və dərin məhəbbət üzərində qurulmuşdu. Bu sevgi ,həyatın bütün sınaqlarından keçmiş möhkəm bir bağ idi. Zərifə xanımın sakit, təmkinli və müdrik xarakteri Heydər Əliyev kimi güclü liderin həyatında tarazlıq yaradan mühüm amillərdən biri olmuşdur. O, ailə dəyərlərini qoruyan, eyni zamanda böyük məsuliyyət yükü daşıyan bir qadın idi.
Bu ailə Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin – ailə birliyinin, sədaqətin, qarşılıqlı hörmətin, sevginin və mənəvi bağlılığın ən gözəl nümunəsi kimi qəbul edilir. Onların ömür yolu sübut edir ki, möhkəm ailə dəyərləri üzərində qurulan həyat həm şəxsi, həm də ictimai uğurların əsasını təşkil edir. Onların Fəxri xiyabanda yanaşı uyumaları isə bu sevginin və bağlılığın əbədiliyinin rəmzidir.
Bu ailə bağlarının ən mühüm xüsusiyyətlərindən biri qarşılıqlı hörmət və anlayış idi. Onlar bir-birini tamamlayan bir cütlük idilər. Bu isə onların ailəsini daha da möhkəm və nümunəvi etmişdir.
Eyni zamanda, onların münasibətlərində dərin mənəvi bağlılıq var idi. Zərifə Əliyeva yalnız bir həyat yoldaşı deyil, həm də Heydər Əliyev üçün ən yaxın sirdaş, etibarlı dost və mənəvi güc mənbəyi idi. Zərifə xanım bir ana kimi ailədə sanki sevgi və mərhəmət abidəsi idi.
Zərifə xanım bir ana kimi övladlarını milli-mənəvi dəyərlər ruhunda tərbiyə edərək onlara vətənpərvərlik, insanlara hörmət və yüksək əxlaq prinsiplərini aşılamışdır. Onun analıq qayğısı, diqqəti və sevgisi ailə daxilində sağlam və güclü mühitin formalaşmasına xidmət etmişdir.
Eyni zamanda, onların münasibətlərində dərin mənəvi bağlılıq var idi. Zərifə Əliyeva yalnız bir həyat yoldaşı deyil, həm də Heydər Əliyev üçün ən yaxın sirdaş, etibarlı dost və mənəvi güc mənbəyi idi. O, ailədə sevgi və mərhəmət mühitini qoruyur, övladlarının tərbiyəsinə xüsusi diqqət yetirirdi.
Onların ailə həyatı Azərbaycan cəmiyyətində ideal ailə modeli kimi qəbul edilir. Bu ailə birliyi göstərir ki, güclü dövlət xadiminin arxasında çox zaman onunla eyni dəyər sistemini paylaşan, onu anlayan və dəstəkləyən güclü bir həyat yoldaşı dayanır. Heydər Əliyev və Zərifə Əliyeva münasibətləri məhz belə bir harmoniyanın təcəssümüdür.
Bu ailə bağları yalnız onların yaşadıqları dövr üçün deyil, bu gün də Azərbaycan cəmiyyəti üçün örnək olaraq qalır. Onların sevgisi, sədaqəti və bir-birinə olan ehtiramı zaman keçsə də dəyərini itirməyən mənəvi miras kimi yaşayır və gələcək nəsillərə nümunə olur.
Zərifə Əliyeva bir alim kimi də son dərəcə fədakar və başarılı idi. O, elm sahəsində də misilsiz uğurlara imza atmışdır. Onun oftalmologiya sahəsində apardığı tədqiqatlar, tətbiq etdiyi müalicə üsulları və elmi yeniliklər Azərbaycan tibb elminin inkişafında mühüm mərhələ olmuşdur. Xüsusilə traxoma xəstəliyinə qarşı mübarizədə əldə etdiyi nailiyyətlər onun peşəkarlığını və insanlara olan bağlılığını bir daha sübut edir.

Zərifə xanım elmin nəzəriyyəsi ilə kifayətlənmirdi. O, bölgələrə gedərək insanlarla birbaşa ünsiyyət qurur, onların problemlərini yerində öyrənir və həll yolları axtarırdı. Onun humanist yanaşması və insanlara olan səmimi münasibətinin göstəricisi idi.
Onun elmi fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də görmə orqanının peşə patologiyası idi. Bu sahədə apardığı tədqiqatlar nəticəsində yeni elmi istiqamət formalaşmış və bu sahədə mühüm nəticələr əldə edilmişdir. Təşəbbüsü ilə yaradılan laboratoriyalar sənaye işçilərinin sağlamlığının qorunmasına xidmət edirdi.
Zərifə Əliyevanın tibbi etika ilə bağlı baxışları da xüsusi əhəmiyyət kəsb edir. O hesab edirdi ki, həkim yalnız bilikli mütəxəssis deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan olmalıdır. Xəstəyə yanaşmada mərhəmət, diqqət və anlayış əsas prinsiplərdən olmalıdır. Bu yanaşma onun bütün fəaliyyətində öz əksini tapırdı.
Onun zəngin elmi irsi – yüzlərlə elmi əsər, monoqrafiyalar və dərs vəsaitləri bu gün də aktuallığını qoruyur. O, eyni zamanda gənc alimlərin yetişməsinə böyük töhfə vermiş, güclü elmi məktəb yaratmışdır. Bu məktəb bu gün də onun ideyalarını davam etdirir.

Bu gün Zərifə Əliyeva adı yalnız elm sahəsində deyil, həm də milli-mənəvi dəyərlərimizin qorunması baxımından böyük ehtiramla çəkilir. O, Azərbaycan qadınının gücünü, mənəvi zənginliyini və fədakarlığını öz həyatında ən yüksək səviyyədə nümayiş etdirmişdir.Onun həyatı bizə bir həqiqəti xatırladır: Еlm və mənəviyyat, ailə və cəmiyyət qarşısında məsuliyyət bir araya gəldikdə insan ömrü həqiqətən ucalıq və əbədiyyət qazanır. Heydər Əliyev ilə birgə qurduğu həyat bu ucalığın ən uca zirvəsidir.

Zərifə Əliyevanın nurlu xatirəsi bu gün də yaşayır. O, yalnız bir alim,nümunəvi ömür gün yoldaşı, qayğıkeş ana deyil, həm də milli kimliyimizin, mənəvi dəyərlərimizin və Azərbaycan qadınının əzəmətli bir simvoludur. Onun işığlı ömrü gələcək nəsillərin də yolunu nurlandırmaqdadır.
AYNA ƏLİXAN
İctimai-siyasi elmlər üzrə təlimçi, tədqiqatçı-AMEA-nın dissertantı