Emin Hacıyevdən təklif 

Hər il olduğu kimi Hesablamalar Palatasının 2022-ci il üçün hesabatı da mükəmməl, əhatəli və dolğun hazırlanmışdır. Bu həm hörmətli Vüqar müəllimin çıxışında, həm də bizə təqdim olunan hesabatda özünün təsdiqini tapır. Onu da qeyd etmək istərdim ki, bu hesabatlar ildən ilə daha da təkmilləşir. Bu ona dəlalət edir ki, palata hesabatın tərtibinə daim xüsusi diqqət yetirir və fəaliyyəti barədə hesabatı hazırlayarkən statistik rəqəmləri və görülən işlərin xronologiyasını təqdim etmir, burada daha çox təhlilə, məlumatların ümumiləşdirilməsi və emalının nəticələrinə diqqət yetirir. Bu isə deputatların Hesablama Palatasının fəaliyyətinin effektivliyinə qiymət vermə imkanını artıran faktordur. Hazırda Hesablama Palatası institutlaşmış, öz funksiyalarını layiqincə icra edən və öz fəaliyyəti ilə ölkə iqtisadiyyatına töhfə verən qurumlar sırasında özünün xüsusi yerini tapmışdır. Mən bir məqamı da qeyd etmək istəyirəm. Palata bu gün təkcə iqtisadi struktur kimi önəm daşımır. Yəni palata büdcə və onunla bağlı sənədlərin layihələrinə rəy vermək, bu sahədə deputatları bilgiləndirmək funksiyası ilə yanaşı, həm də ciddi antikorrupsiya orqanına çevrilmişdir. Xüsusilə, palatanın keçirdiyi uyğunluq auditlərində qanunvericiliyin düzgün tətbiqi məsələsinin vəzifə olaraq qoyulması buna bariz nümunədir. Yəni, palata eyni zamanda hüquq mühafizə orqanları ilə bir sırada qanunvericiliyin pozulmasının qarşısının alınmasına xidmət edir. Palata həm də öz rəyləri ilə Milli Məclisin, biz deputatların müəyyən məsələlərlə bağlı, o cümlədən büdcə müzakirələrində fikir və mövqelərinin əsaslandırmasında bizə yardımçı olur. Hesab edirəm ki, bu əməkdaşlığın səviyyəsi daha da artırılmalıdır. Qeyd olunanlarla yanaşı mən bəzi qeydlərimi də bildirmək istərdim.

Biz son zamanlar görürük ki bir çox maliyyə xarakterli nöqsanlar, uyğunsuzluqlar qanunvericiliyin düzgün tətbiq edilməməsindən irəli gəlir. Bu da bəzi hallarda qəsdən edilirsə, bəzi hallarda qanunvericiliyi düzgün bilməməkdən, səhv tətbiq etməkdən irəli gəlir. Palatanın hesabatında da buna dair çoxlu misallar var. Mən təklif edərdim ki, bu sahə üzrə vəzifəli şəxslərin potensialının gücləndirilməsi, onların yeni qanunvericilikləri mənimsəməsi üçün davamlı şəkildə addımlar atılsın. Bunun üçün dövlətin nəzdində olan maliyyə təlim mərkəzlərində, o cümlədən Hesablama Palatasının Təlim Mərkəzində müvafiq işçilər üçün təlimlərin keçirilməsi də faydalı olar. Hesabata diqqət etdikdə görürük ki, bu təlimlər əsasən palatanın işçiləri üçündür. Amma imkan olsa bu təlimləri dövlət orqanlarının və qurumlarının rəhbər vəzifəli şəxsləri, kadr və maliyyəyə cavabdeh şəxslər üçün də etmək olar. Hansı ki, bu şəxslərin fəaliyyəti yaxud fəaliyyətsizliyi nəticəsində belə nöqsanlar baş verir.

İkinci məsələ isə maliyyə xarakterli bəzi dövlət proqramları və investisiya xərcləri tələb edən qərarlar qəbul edilərkən palatanın rəyinin alınması ilə bağlıdır. Biz hesabatdan da görürük ki, bir çox proqramların, xərclərin effektivliyini müəyyən etmək üçün palata səmərəlilik auditi keçirdikdə ciddi problemlər aşkarlanır. Bu vəsaitlərin istifadəsi qarşıda duran hədəflərə tam çatmağa xidmət etmir yaxud da nəticəlilik aşağı olur. Odur ki, bu cür sənədlərin hazırlanması zamanı palatanın da öncədən rəyinin alınması faydalı ola bilər.

Nəhayət sonuncu məsələ palatanın apardığı audit barədə məlumatların mediada işıqlandırılması ilə bağlı məsələdir. Bu barədə məlumatlar palatanın aylıq mətbu orqanında, öz rəsmi saytında verilsə də hesab edirəm ki bu yetərli deyil, bu məlumatların oxunma sferası kifayət qədər geniş deyil. Bu barədə məlumatların daha populyar saytlarda, o cümlədən iqtisadi yönlü internet saytlarında mütəmadi olaraq verilməsinə ehtiyac var, bu məqsədlə həmin saytlarla əməkdaşlıq edilə bilər. Bunun da üstünlüyü odur ki, belə olduqda bu məlumatlar yalnız müvafiq dövlət orqanları və pozuntuya yol verən təşkilatların əhatə dairəsindən çıxmaqla bu cür tipik, xarakterik pozuntulara yol verən digər onlarla qurumlara da çəkindirici təsir göstərə bilər.

Emin Hacıyev 

Milli Məclisin deputatı