Mayın 14-də keçirilən səsvermənin nəticələri Türkiyədə diktatura ilə bağlı iddiaları dəf edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında xalqa müraciətində bildirib.
“Biz dünyaya göstərdik ki, müəyyən xarici medialarda dərc olunan yazılarla ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Türkiyə xalqının iradəsi sarsılmazdır!”, - deyə o bildirib.
Ərdoğan seçkilər ərəfəsində müəyyən dairələrin Türkiyədə guya diktaturanın olması ilə bağlı yalanlarını xatırladıb.
“Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında, həm də öz ölkələrində seçicilərin yarısını belə seçkilərdə iştirak edə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən səsvermə ölkəmiz haqqında yayılan yalanları ortaya çıxardı”, - deyə Türkiyə lideri yazıb.
Prezident, həmçinin siyasi məqsədlərə nail olmaq adı ilə separatçılar və terrorçularla münasibətlərin yolverilməzliyini vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, mayın 14-də keçirilən səsvermə Türkiyə demokratiyasının gücünü nümayiş etdirdi.
“Mayın 14-də keçirilən səsvermə türk demokratiyasının 21 ildə çatdığı səviyyəni göstərdi. Bütün bunlar Türkiyədə 85 milyon insanın, siyasi baxışından asılı olmayaraq seçkiyə gələn hər kəsin ortaq uğurudur. Əminəm ki, 28 maydan (prezident seçkisinin ikinci turu) sonra biz birlikdə ölkəmizin nailiyyətlərini daha da artıracağıq ”, - deyə R.T.Ərdoğan fikrini yekunlaşdırıb.