Ərəb mediasında Azərbaycanla bağlı məqalə

Məqalədə Azərbaycanın qeyri-hökumət təşkilatlarının erməni millətçilərinin milli, tarixi və dini abidələrimizi dağıtması ilə bağlı UNESCO-ya və Avropa Parlamentinə etirazı önə çəkilib  

Misirin “Rayetmisr.com” və Əlcazairin “Alharir.info” saytlarında “Ümumbəşəri dəyərlərə hörmətsizlik” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə erməni millətçilərinin tarix boyu Azərbaycan xalqına məxsus milli, tarixi və dini abidələrini özününküləşdirdiyi, bu mümkün olmadıqda isə dağıtdıqları qeyd olunub: “İndiki Ermənistanda olan Azərbaycan toponimlərinin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib. Bu, yalnız Azərbaycan xalqına qarşı olan dözümsüzlük deyil, həm də bəşəriyyətə qarşı olan cinayətdir”.

Yazıda qeyd olunub ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib, Qarabağa UNESCO missiyasının göndərilməsi təklifi ilə çıxış edib: “Məlum olduğu kimi, bu ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Görüşdə YUNESKO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub. Lakin fevralın 4-də əldə edilmiş razılaşmadan irəli gələrək missiyanın həyata keçirilməsinə Ermənistan hakimiyyəti maneə yaratmağa çalışır”.