“Ermənilərlə görüşə hazıram” - Tural Gəncəliyev

Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüb.


Görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan və Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.


Milli Məclisin deputatı Tural Gəncəliyev Modern.az-a açıqlamasında bildirib ki, bizim ziyalıların son görüşünü normal qiymətləndirir:


“Hesab edirəm ki, bu kimi görüşlər “Track-2” diplomatiyasına nümunədir. Rəsmi görüşlərlə yanaşı bu cür görüşlərin keçirilməsi dünya praktikasında var. Xüsusilə, biz müharibədən qalib çıxan tərəf kimi görüşlərdə hüquqi, psixoloji tərəfdən daha güclü mövqedən çıxış edirik. Bir növ Ermənistan ictimaiyyətinə də öz reallıqlarımızı çatdırırıq ki, revanşizmə yol yoxdur. Hesab edirəm ki, bu görüşdə bizim ziyalılarımız məsələni aydın izah ediblər.


Mən və həmkarım Erkin Qədirli bir neçə ay öncə Viyanada Ermənistan deputatları ilə görüşmüşdük. Orada da qalib ölkənin deputatları kimi öz mövqeyimizi izah etmişdik və səmərəli bir görüş olmuşdu. Gələcəkdə belə görüşlər olarsa, mən həmkarlarımla birlikdə diplomatik, mədəni debatlarda ermənilərə düşümcələrimizi izah etməyə hazıram. Bütün platformalarda izah etmək lazımdır ki, müharibə bitib, artıq sülh bərqərar olmalıdır”.