"Bakı Qlobal Forumu 8-ci dəfədir ki, keçirilir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan beynəlxalq mərkəzin təşkilatçılıq etdiyi Forumun nüfuz dairəsi ildən-ilə artır və daha geniş spektrdə təmsil olunur. Forumda dünyanın 51 ölkəsindən sabiq prezidentlər, baş nazirlər, siyasətçilər, alimlər, ekspertlər iştirak edərək, müzakirə olunan məsələlərlə yanaşı, ölkəmizdə aparılan işlərə münasibətlərini bildirdilər. Forum Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin təbliği baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin Forumdakı çıxışı əsasən pandemiya, Ermənistan-Azərbaycan münasibətləri və Cənub Qaz Dəhlizinin işə salınması ilə Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rol olmaqla üç istiqamətdə qurulmuşdu".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Parlament üzvü bildirib ki, Prezidentin “Ermənistanla sülhə hazırıq” bəyanatı, ermənilərlə yanaşı, beynəlxalq birliyə verilmiş mesaj kimi qəbul olunmalıdır: "Bu, həmçinin Azərbaycanın sülhə yönəlik addımlar atmağa hazır olduğunun göstəricisidir. Ermənistanın adekvat cavab verməməsinin isə bir neçə səbəbi var. Birincisi, bu erməni xisləti ilə bağlıdır. Uzun illər ərzində artıq hər kəsə məlum “erməni xəstəliyi”nə tutulmuş toplum psixoloji sarsıntı içərisindədir. Müzəffər Ordumuzun 44 günlük müharibədə dünya erməniliyinə vurduğu zərbə, erməni cəmiyyətində kəskin parçalanmalara səbəb olub. Son bir ildə biz, Ermənistan siyasi rəhbərliyinin çoxsaylı ziddiyyətli bəyanatlarının şahidi olmuşuq. Digər səbəb isə müxtəlif xarici və daxili qüvvələrin təsiri altında siyasətlərini tez-tez dəyişmələridir. Məğlub tərəf olmalarına rəğmən, reallıqla uzlaşmayan iddialarla çıxış etmələridir. Müharibədə uduzan tərəf heç bir halda diqtə edə bilməz. Bu tarixən hamı tərəfindən qəbul olunmuş həqiqətdir".
N.Məhəməliyev qeyd edib ki, havadarlarının dəstəyinə arxalanan Ermənistan həqiqəti dərk etməkdə acizdir: "Hiss olunur ki, Paşinyan hökuməti müstəqil qərar qəbul etməkdə çətinlik çəkir. Mənə elə gəlir ki, yaxşı təşkilatlanmış diasporla yanaşı, beynəlxalq güclərin təzyiqi regionda dayanıqlı sülhün yaranmasına əsas əngəldir. Ancaq başqa yol yoxdur. Ermənistan yaranmış vəziyyəti düzgün qiymətləndirməli, Azərbaycan Prezidentinin sülh çağırışlarına adekvat cavab verməli, heç kimə arxalanmamalı, məğlubiyyətdən düzgün nəticə çıxarmalıdır. Əks halda, gələcəyi sual altında ola bilər".