Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"də dərc olunan məqaləsi dünya ictimaiyyətinə növbəti manipulyasiya cəhdidir. Məqalədə yer alan Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcması ilə bağlı iddiaları ilə Paşinyan reallığı təhrif edir.
Birincisi, Azərbaycan tərəfi sülhə təşəbbüs edən tərəfdir, sülh müqaviləsinin mətni də ölkəmiz tərəfindən hazırlanıb. Digər tərəfdən, Ermənistanın silahlandırılması uzun müddətdir ki, Qərb tərəfindən davam etdirilir. 22 iyul 2024-cü ildə Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Fransa Silahlı Qüvvələr Nazirliyinin Parlamentə təqdim etdiyi 09 sentyabr 2024-cü il tarixli hesabata əsasən, 2023-cü ildə Fransa tərəfindən Ermənistana 11.500.000 avroluq hərbi təyinatlı məhsul verib. Hindistandan hərbi yardım da eynilə davam etdirilir. Cənab Prezidentin dediyi kimi, kimisi silah verir, kimisi həm silah, həm siyasi dəstək verir və Ermənistanı revanşizm ideologiyası ilə bəsləyirlər.
Bütün bu faktlar onu göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Məqalədə yer alan Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddialar isə bir daha Ermənistan tərəfinin bu məsələdə qeyri-konstruktiv mövqeyini göstərir.
20-ci əsrdə 300,000-dən çox azərbaycanlı Ermənistan ərazisindən dörd böyük deportasiyaya məruz qalmışdır. İnsanların öz yurdlarından deportasiya edilməsi tarixi faktdır və kifayət qədər sübutlar var ki, bu etnik təmizləmə baş verib. Beynəlxalq hüquq qaçqınların öz vətənlərinə qayıtmaq hüququnu təmin edir. Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasında təsbit olunmuşdur.
Ermənistan rəhbərliyi tərəf olduğu Konvensiyaların və beynəlxalq hüququn tələblərinə zidd olaraq indiyədək azərbaycanlıların öz tarixi yurdlarına reinteqrasiyası ilə bağlı adekvat cavab verməmişdir. Halbuki, bu məsələdə dialoqun qurulması və kommunikasiyanın təmin edilməsi olduqca vacibdir. Qərbi azərbaycanlılar öz tropaqlarına sülh yolu ilə qayıtmaq istəyirlər.
Qərbi Azərbaycan İcması olaraq, biz bu tələbimizlə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini sual altına almırıq. Bizim məsələmiz insan hüquqları ilə bağlıdır. Ermənistan hökumətini icmamızla dialoqa başlamağa, qayıdış məsələsini müzakirə etməyə və bizim doğulduğumuz və yaşadığımız torpaqlara sülh, təhlükəsizlik və ləyaqətlə geri dönməyimizi təmin etməyə və tarixi faktları təhrif etməməyə çağırırıq.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı