Ermənistan törətdiyi bütün cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdır

Ermənistan beynəlxalq hüquq normalarıa zidd olaraq, Azərbaycan ərazilərinə təcavüz etdiyinə görə beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmaldır. Burada həm də beynəlxalq hüququn güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi pozulmuşdur. Ermənistanın başladığı təcavüzkar müharibənin gedişində beynəlxalq humanitar hüququn təməl qaydası, mülki şəxslərin hərbi əməliyyatlar nəticəsində yaranan təhlükələrə qarşı ümumi müdafiədən istifadə etmə hüququ ciddi şəkildə pozulmuşdur. Məlumdur ki, mülki toxunulmazlıq  beynəlxalq adət hüququndan doğan bir məsələdir, yəni münaqişənin beynəlxalq və ya qeyri-beynəlxalq xarakterli olmasından asılı olmayaraq, münaqişə tərəfləri üçün məcburidir. Hər zaman mülki şəxslərə qarşı yönəldilən hücumlar qadağandır; həqiqətən, mülki vəziyyətlərindən xəbərdar olduqda mülki şəxslərə qəsdən hücum etmək müharibə cinayətidir. Bu səbəbdən də mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməzlər, bu imperiativ tələbdir. Eyni zamanda əsas məqsədi dinc əhali arasında terroru təbliğ etmək və ya törətmək kimi hərəkətlər və ya zorakılıq təhdidləri yolverilməzdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu ölkəmizin ərazisinin 20 faizi işğal edildi Ermənistanın rəhbərliyinin törətdiyi əməllərdə birbaşa  müharibə cinyətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı cinayətlərinin tərkibini yaradan əməllər müəyyən olunmuşdur. Bununla bərabər, işğal olunmuş ərazilərdə ümumiyyətlə, hərbi əməliyyatlarla hər hansı əlaqəsi olmayan dinc mülki insanlar hücuma məruz qalmış, öldürülmüş və işgəncələrə məruz qaldılar. Bir sözlə, Ermənistan Silahlı Qüvvələri qoca və qadınlara, körpələrə aman vermədən qəddarcasına onları qətlə yetirmişdilər. Bu əməllər, birbaşa beynəlxalq humanitar hüquq normalarının, Cenevrə Konvensiyalarının tələblərinin pozulmasıdır və birbaşa müharibə cinayətlərinin tərkibini yaradan, beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaradan əməldir.
Ermənistanın siyasi və hərbi rəhbərliyinin törətdikləri bu cinayətlər, məhz sistematik və genişmiqyaslı hücum formasında törədilmişdir və bunu törədən təqsirkarların çəkinmədən açıq etirafı, onların mühakimə olunması üçün ciddi əsas yaradır. Təbii ki, Azərbaycan dövlətinin bununla bağlı kifayət qədər əsaslandırılmış sübutları mövcuddur. Ermənistanın siyasi və hərbi rəhbərlərinin törətdikləri cinayətlərə görə cəzalandırılması aktuallaşmış və həmin şəxslərin mühakiməsi üçün ciddi addım atılmasına şərait yaranmışdır. Onların mühakiməsi təkcə cinayətkarların cəzalandırılması kimi qəbul olunmamalıdır, ümumilikdə regionda sülh və təhlükəsizliyə yaradılmış bir təhlükənin qarşısının alınması kimi dəyərləndirilməlidir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri