Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfüzunu günbəgün artırır. Azərbaycan sadəcə regionda deyil, eləcə də Avropa qitəsinin güclü dövlətləri ilə mühüm əməkdaşlıq və bir çox sahələrdə tərəfdaşlıq edir. Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycan-İtaliya əlaqələrinin yeni mərhələsidir. İtaliya-Azərbaycan universitetləri üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, ADA universiteti və bu ölkənin 5 aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərsiminin keçirilməsi məhz ölkələrimiz arasında təhsilin inkişafına verilmiş önəmli töhfələrdəndir.
Xüsusi məqamlardan biri odur ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yerdədir. Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TAP həm ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, həm də İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən mühüm faktdır. Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda geniş və əhatəli məzmunda çıxış edərək, Azərbaycanın bu sahədəki vacib rolundan danışıb. Bundan əlavə Prezident qeyd etdi ki, enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. "Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq”.
Bütün bunlar bir daha onu göstərir Azərbaycanın ən çətin şəraitdə belə reallığa çevirdiyi böyük enerji layihələri ölkəmizin maraqlarının layiqincə təmin edilməsi və vətəndaşlarımızın gələcək rifah halının yaxşılaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Həmin tədbirdən sonra xarici kütləvi informasiya vasitələrinin suallarını cavablandıran Prezidentin çıxışlarından sonra dünya ictimaiyyətinə bir daha məlum oldu ki, Azərbaycan bütün əməkdaşlıq və tərəfdaşlıq sahələrində, həmçinin digər bütün sahələrdə daim konstruktiv mövqe nümayiş etdirir və Azərbaycanın xarici siyasəti dostluq, ölkələrin qarşılıqlı şəkildə maraqlarına hörmət, beynəlxalq normalara uyğun və humanistlik prinsiplərinə əsaslanır.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri