Səbail rayonu ərazisindəki “Fəvvarələr” meydanında yerləşən geyim mağazalarından birinə alıcı kimi gələn şəxsin çantasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, bu barədə Sabail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən zərərçəkən həyat yoldaşının çantasından 800 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Zərərçəkən həmçinin özünün də eyni mağazanın paltardəyişmə otağında olan zaman gödəkcəsini saxlamaq üçün azyaşlı övladına verdiyini və həmin gödəkçənin də cibindən içərisində bank kartları və sənədlər olan pul qabısının oğurlandığını qeyd edib. Daha sonra oğurluq edən şəxslər kartlardan birindən 200 manat pul çıxara biliblər.
Zərərçəkən ailənin şikayəti əsasında Polis Bölməsində dərhal araşdırmalara başlanılıb. Ərazidə və mağazada olan təhlükəsizlik kameralarındakı görüntülərə baxış keçirilən zaman hadisənin hansı şəraitdə törədildiyi müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - əvvəllər dəfələrlə məhkum olunmuşlar Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasov saxlanılıblar.
Bu şəxslərin ətrafında araşdırma aparılan zaman onların Səbail rayonunda Rəsulzadə küçəsində yerləşən kofe evində olan bir müştərinin də pul kisəsini oğurladıqları məlum olub. Dəstə üzvlərinin bu cinayəti də müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Faktlarla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.