Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Ermənistanın hərbi təxribatı ilə bağlı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə səlahiyyətlə şəxslərinə müraciət edib. Müraciətdə Ermənistanın təcavüz aktı barəsində Avropa Parlamentinin vəzifəli şəxslərinə ətraflı məlumat verilmiş və sərhəddə baş verən hadisələr və onların doğuracağı nəticələr üçün bütün məsuliyyətin Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşdüyü bildirilmişdi. Bu gün redaksiyamıza daxil olan məlumata görə Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand deputatımızın müraciətinə cavab olaraq Bəyanat yayımlayıb.
Xanım Kalyurand öz Bəyanatında son günlərdə
Azərbaycan-Ermənistan sərhədində baş verən və Tovuz rayonunda hərbi və mülki şəxslərin
həlak olması ilə nəticələnən hərbi qarşıdurmaya görə dərin narahatlıq hissi
keçirdiyini bildirir və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı
ifadə edib. Diplomat qeyd edib ki, Avropa Parlamentinin dəfələrlə qeyd etdiyi
kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə yalnız BMT Nizamnaməsinə
və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən
həll edilməlidir. Bəyanatda ATƏT-in Minsk Qrupunun 2009-cu il Əsas Prinsipləri əsasında
münaqişənin həlli istiqamətində səylərinə dəstək ifadə olunur. Avropa
Parlamentinin təmsilçisi münaqişə tərəflərini
hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin artmasına xidmət edən
bütün hərəkətlərdən çəkinməyə və münaqişənin dərinləşməsinin qarşısını almaq
üçün dərhal danışıqlara başlamağa çağırış edib.