Könül Nurullayeva: “Bu vəzifənin də öhdəsindən gəlməyi bacaracağam”

24 saylı Nizami rayon 1-ci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayeva seçicilərlə görüşlər keçirməkdə davam edir.

Bu barədə o, "Facebook” hesabında məlumat verib:

"Hörmətli səhifə izləyicilərim, əziz seçicilər!

Seçkiqabağı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi və inanılmaz coşğu ilə davam edir. Namizədlərin və seçicilərin seçkilərlə bağlı aktivliyi, keçirilən görüşlərin həcmi və intensivliyi hamımızın diqqətini çəkən məqamlardandır.

Mən hesab edirəm ki, hər bir namizəd mövcud imkanlardan istifadə edərək, təbliğat prosesində maksimum sayda seçici ilə görüşüb onları narahat edən məsələlərlə maraqlanmalıdır. İnsanların açıqsözlülüyü, fikirlərini səmimi şəkildə ifadə etmələri, gözlərindəki işıq və inam, nümayiş etdirdikləri güvən mənə əlavə motivasiya verir.

Heydər Əliyev adına neft emalı zavodunun mədəniyyət evində Nizami rayon sakinləri, Keşlə qəsəbəsinin ağsaqqalları, ağbirçəkləri, xalqımızın çox hörmətli ziyalıları və tanınmış şəxslərinin iştirakı ilə növbəti görüşümü keçirdim.

Görüşdə iştirak edən Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti, professor, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, akademik Möhsün Nağısoylu, şair-kinodramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti Tünzalə Ağayeva, Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev, Olimpiya çempionumuz Fərid Mansurov, əməkdar idman xadimimiz Tərlan Həsənov, Keşləlilərin böyük hörmətini qazanmış, gənclərimizin təlim-tərbiyəsində müstəsna xidmətləri olan Süsən Salmanova və Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev ayrı-ayrılıqda çıxış etdilər.

Barəmdə söylənilən xoş sözlər məni daha da ruhlandırdı, çox sevincliyəm və həyəcanlıyam, çünki üzərimdə böyük bir məsuliyyət var. Əminəm ki, Allahın izni və xalqımızın dəstəyi ilə millət vəkili seçilərəmsə, cəmiyyətimizin fəal gənci olaraq bu vəzifənin də öhdəsindən gəlməyi bacaracağam.

Dəyərli seçicilərim, dəstəyinizə böyük ehtiyacım var.

Biz yalnız birlikdə çalışaraq daha güclü Azərbaycan qurmağa nail olacağıq!”