"Bizim ən güclü silahımız Vətən sevgisi, ədalətli mübarizəmiz və haqq işimizdir"

Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığı ilk gündən döyüş bölgəsindən xoş xəbərlər alırıq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü davam edir. Otuz ildən artıqdır ki, Ermənistan işğalından əziyyət çəkən Azərbaycan baza prinsipləri əsasında öz ərazi bütövlüyünü təmin edir. Münaqişənin həlli istiqamətində BMT-nin 4 qətnaməsini ölkəmiz özü yerinə yetirir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin düzgün hərbi-siyasi strategiyasının layiqli yekunu kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, Ermənistan azad edilən əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etdirməyi öz mənfur siyasətinin davamı hesab edir. Ermənistan silahlı qüvvələrinin Bərdəyə, Tərtərə və digər rayonlarımıza raket hücumları humanitar atəşkəsin şərtlərini kobud şəkildə pozmaqla Azərbaycanın sülhə nail olmaq istəyinə qarşı atılan addımların davamıdır. Buna görə də humanitar atəşkəsin antihumanitar qatilləri olan, tam iflic vəziyyətinə düşən Paşinyan daxil olmaqla onun hökumətinin qatil üzvləri işğalçı siyasətdən əl çəkməlidirlər: "Ermənistan öz məğlubiyyətini qəbul etməli, işğal etdiyi qalan əraziləri boşaltmalıdır. Ancaq mənfur düşmən öz faşist ideologiyasına sadiq qalaraq təslim olmaq istəmir. Bu isə Paşinyan başda olmaqla, onun başıboş hökumətinin sonu və Ermənistanın həm iqtisadi, həm də siyasi cəhətdən tam çökməsi deməkdir”.

Deputat qeyd edib ki, Ermənistan tərəfi ölkəmizə və xalqımıza qarşı ədalətsiz müharibəsini dayandırmaq və məğlub qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaq əvəzinə, mülki əhalini hədəfə almaqla qətliamı davam etdirir. Ermənistan bu gün hərbi təcavüzü həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktı üzrə 50-dən artıq cinayət işi başlanıb və bu cinayəti törədənlər beynəlxalq axtarışa verilib. Erməni tərəfin təcavüzkar davranışı və onların beynəlxalq hüququ, Cenevrə konvensiyalarını kobud şəkildə pozması və hərbi cinayətlər törətməsi onların nizamlama məsələsində heç bir marağı olmadığını göstərir.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son qarış torpağımız azad edilənə qədər zəfər yürüşümüz davam edəcək. Cəbhənin bütün istiqamətlərində vəziyyət ordumuzun tam nəzarəti altındadır və qəhrəman əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində Ermənistan ordusu döyüş meydanında cəzalandırılır. Hələ münaqişədən əvvəl Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində işğalçı Ermənistan bütün regional layihələrdən təcrid olunub və faktiki olaraq dalan dövlətə çevrilib.

Artıq beynəlxalq ictimaiyyət Azərbaycanın haqq savaşını və ədalətli mübarizəsini müdafiə edir. Çünki bizim ən güclü silahımız Vətən sevgisi və öz doğma torpaqlarımızın tam və qeyd-şərtsiz azad edilməsi istəyimizi uğurla başa çatdırmaq uğrunda ədalətli mübarizəmiz və haqq işimizdir. Bizim bu haqq işimiz və ədalətli mübarizəmiz qarşısında Ermənistan hərbi yolla heç nəyə nail olmayacağını qəti şəkildə anlamalıdır”, - deyə Səbinə Xasayeva diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Ermənistana beynəlxalq hüquq baxımından məqbul sayılan və eyni zamanda, tarixdə tətbiq edilmiş sanksiyaların bütün formalarından istifadə edilməsi vacibdir. Heç bir dövlət bu faşist ölkəyə silah satmamalıdır. Bütün humanitar yardımlardan məhrum edilməlidir, çünki bu yardımları çirkin əməllərinin yerinə yetirilməsində istifadə edə bilər. Bütün iqtisadi qadağalar da kifayət qədər tətbiq edilməlidir. Belə olarsa, bu, gələcəkdə Ermənistanı və digər ölkələri bir daha işğalçılıq siyasətini dövlət siyasəti elan etməkdən çəkindirər. Bunun sayəsində Qafqaz regionunda sülh və əmin-amanlıq bərpa edilər, burada yaşayan xalqlar və millətlər qısa müddət ərzində yüksək iqtisadi-siyasi yüksəlişə nail olar, Avropa və dünya iqtisadi yüksəlişində fəal iştirak edərlər.