Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 2020-ci ildə qarşılaşdığı çağırışlara – COVİD-19 pandemiyası, aşağı neft qiymətləri, quraqlıq və Ermənistanın hərbi təxribatlarından doğan nəticələrə adekvat cavab verə bildi.
Trend-in məlumatına görə, bunu 2020-ci ilin iqtisadi-sosial yekunlarından danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
V.Qasımlı qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuzun zəfər yürüşünə hazır olub:
"2020-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz geriləməsi proqnozlaşdırıldığı halda, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, dünya iqtisadiyyatında geriləmə 4,4 faiz, inkişaf etmiş ölkələrdə 5,8 faiz və inkişaf etməkdə olan ölkələrdə 3,3 faiz, Çini nəzərə almasaq daha yüksək səviyyədə olacaq. Eyni zamanda Azərbaycanın ticarәt tәrәfdaşı olan ölkәlәrdə iqtisadi geriləmə - Rusiyada 4,1 faiz, Türkiyə və İranda isə 5 faiz proqnozlaşdırılır. Göründüyü kimi Azərbaycanda iqtisadi geriləmə 2020-ci ildə beynəlxalq müqayisədə daha yumşaq olub.
Bu il Azərbaycanda məcmu dövlət borcunun ÜDM-ə nisbəti dünya üzrə göstəricidən təxminən 4 dəfə azdır. AYİB-in sorğularına əsasən orta gəlirli ölkələrin 30 faizi, aşağı gəlirli ölkələrin isə 50 faizində borc böhranı proqnozlaşdırılır. Azərbaycan qarşılaşdığı xarici şoklarla mübarizədə xarici deyil, öz resurslarına əsaslanmaqla borc dayanıqlılığını qoruya bilib. 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərini tarazlaşdırılması üçün "fiskal fəza”dan istifadə etməklə büdcə dürüstləşdirilməsi çərçivəsində 2,3 milyard manatlıq əlavə maliyyə təminatı yaradılıb”.
V.Qasımlı bildirib ki, büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla 2020-ci ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi böhranla mübarizədə effektiv olub:
"2020-ci ildə pul təklifinin artması və uçot dərəcəsinin azaldılması fonunda monetar siyasətin yumşaldılması fiskal genişlənmə siyasəti ilə əlaqələndirilib. Beləliklə, fiskal və monetar siyasətin əsas hədəfi makroiqtisadi sabitlik və iqtisadi aktivlik arasında balansın qorunması olub. Pandemiya əleyhinə mobilizasiya olunan 3,5 milyard manatlıq vəsait hesabına iqtisadi geriləmə yumşaldılıb, makroiqtisadi sabitlik qorunub, məşğulluğa dəstək verilib, sahibkarlara kömək olunub, sosial layihələr genişləndirilib, bank kreditləri restruktrizasiya edilib, zəmanət və subsidiyalar verilib.
2020-ci ildə ölkənin strateji valyuta ehtiyatları demək olar ki, sabit qalıb. Azərbaycanda bu il cari əməliyyatlar hesabının balansı da tarazlığa yaxın olacaqdır. İnkişaf etmiş ölkələrdə isə cari əməliyyatlar hesabının kəsirlə qeydə alınması gözlənilir. Azərbaycan bu il həm də milli valyutasını sabit saxlamağı bacaran azsaylı ölkələrin sırasındadır. Manatın məzənnəsinin tənzimlənməsində Mərkəzi Bankda Dövlət Neft Fondunun həyata keçirdiyi valyuta hərraclarının həlledici rolu olub. Makroiqtisadi təhlil göstərir ki, Azərbaycan iqtisadiyyatının böhranlara qarşı immuniteti yüksəlib və neftin qiymətinin 40-45 dollarlıq intervalında cari əməliyyatlar hesabının tarazlığı qorunur”.