Bu gün, dekabr ayının
10-da paytaxt Bakımızın Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində əldə
etdiyi möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi! Əslində bu paradı
bütün dünyaya haqqın, ədalətin hər zaman və bütün hallarda qalib olduğunun
nümayişi adlandırmaq olar. Əlbəttə ki, əgər bu ədalətin arxasında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik və qətiyyətli Ali Baş
Komandan və Müzəfər Azərbaycan Ordusu kimi qüdrətli bir ordu durarsa.
Azərbaycan son 30 il ərzində
öz əzəli haqqının təmin edilməsinə, tarixi torpaqlarının işğaldan azad
olunmasına və ərazi bütövlüyünün bərpasına sülh yolu ilə nail olmaq üçün bütün
mümkün olan imkanları sınadı. Bu illər ərzində ən mötəbər beynəlxalq təşkilatlar,
dünyanın ən nüfuzlu dövlətləri tərəfindən təklif olunan bütün variantlar nəzərdən
keçirildi. Vasitəçilər təyin edildi, müzakirələr aparıldı. Lakin sonda məlum
oldu ki, bütün bu cəhdlər sən demə Azərbaycanın öz ərazilərinin işğalı faktı ilə
barışacağı günə qədər münaqişəni dondurmaq və son nəticədə tarixi Azərbaycan
torpaqlarında ikinci erməni dövləti yaratmaq məqsədini güdürmüş. Amma bu xain
planın tərtibatçıları əvvəldən yanlış yolda olduqlarını dərk etməli idilər.
Çünki, Ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən açıq və
birmənalı şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç
vaxt barışmayacaq və biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik.
Həmçinin 30 il ərzində
bütün nüfuzlu beynəlxalq təşkilatlar süni surətdə yaradılmış Ermənistan-Azərbaycan
dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mövcud olmadığını iddia
edirdilər. Bu iddia bir tərəfdən Azərbaycana heç bir halda hərbi əməliyyatlara
başlamaq imkanı verilməyəcəyi barədə bir mesaj, eyni zamanda da erməni təcavüzünü
təqdir edən bir dəstək göstərisi idi. Amma bu iddianın müəllifi olan ermənipərəst
qüvvələr yenə də yanılmışdılar. Azərbaycan Prezidenti hər zaman deyirdi ki,
münaqişənin hərbi yolla həlli variantı var və əgər lazım gələrsə biz məhz bu
yolla öz ərazilərimizi işğaldan azad edəcəyik. 1993-cü ildən bəri, xüsusilə də
son 17 il ərzində Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və
diplomatik müstəvilərdə tam üstünlüyünü təmin etmək üçün gərgin iş aparıldı,
bütün lazımi tədbirlər həyata keçirildi. Əlbəttə ki, hərbi üstünlüyün əldə
olunması üçün müasir, güclü ordu quruculuğu işləri dövlətimizin başçısı tərəfindən
xüsusi diqqət mərkəzinə alındı və bu istiqamətdə indiyədək misli görünməmiş
nailiyyətlər əldə olundu. Artıq XXI əsrin ilk onilliyinin sonlarında Azərbaycan
Cənubi Qafqaz regionunda şəriksiz lider dövlət kimi çıxış edirdi
Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu
reallıqları dərk edə bilmədi və bununla da özünün süqutunu hazırlamış oldu.
2020-ci ilin sentyabr ayının 27-də ermənilərin törətdikləri növbəti təxribata
cavab olaraq Azərbaycan düşməni sülhə məcburetmə məqsədilə hərbi əməliyyatlara
başladı. Şanlı Azərbaycan Ordusunun cəmi 44 gün davam edən zəfər yürüşü hər kəsin
gözünü açdı, ağlını başına gətirdi. Bütün dünya gördü ki, Azərbaycan həqiqətən
öz ərazilərinin işğalı ilə barışmadı. Bütün dünya inandı ki, bu münaqişənin həqiqətən
də hərbi yolla həlli variantı mövcud imiş. Və bütün dünya bildi ki, bu fikirləri
uzun illər boyunca yalnız mötəbər kürsülərdən səsləndirən Azərbaycan Prezidenti
cənab İlham Əliyevin lazım olduğu an həmin həqiqətləri döyüş meydanından da
keçirərək hər kəsə qəbul etdirə biləcək qədər dönməz qətiyyəti və yenilməz iradəsi
var!
Bu gün Bakının Azadlıq
meydanında keçirilmiş Zəfər paradı həmçinin Azərbaycan – Türkiyə qardaşlığının
da daha bir nümayişi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı Zəfər paradında Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın
iştirak etmələri bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq
etmiş oldu.
Etiraf etmək lazımdır
ki, hansısa bir ölkədə keçirilən hərbi paradda qənimət kimi ələ keçirilmiş hərbi
texnikaların nümayiş etdirilməsinə bəlkə də indiyədək çox nadir hallarda rast
olunub. Amma Azərbaycanın Qələbəsi şərəfinə keçirilən Zəfər paradının əsas özəlliklərindən
biri də bu oldu. Paradın gedişində 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi
texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın,
raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə
də hərbi gəmi və katerlərin nümayişi Şanlı Azərbaycan Ordusunun gücünü-qüdrətini
göstərdiyi kimi, düşməndən ələ keçirlmiş hərbi qənimətlərin bir qisminin nümayişi
də işğalçı erməni ordusunun darmadağın edilməsinin əyani sübutu oldu.
Bəli, indi biz əsl qalib ölkəyik! Bizim qüdrətli
Ordumuz və bu ordunu şanlı qələbələrə aparan Müzəffər Ali Baş Komandanımız var!
Azərbaycana zəfər yaraşır! Yaşasın Azərbaycan!
Səttar
Möhbalıyev,
Milli Məclisin deputatı,
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri