"Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSM) Modern.az-a verilən məlumata görə, qanunvericilikdə yeni dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit gəlir kimi nəzərə alınmayacaq və yardım təyinatına mane olmayacaq.
"Əsas yeniliklərdən biri də odur ki, ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılması nəzərdə tutulur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə daha da genişləndirilib.
Həmçinin yeni qanunvericilikdə ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayının əhəmiyyətli dərəcədə azaldılması, ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. kimi yeniliklər var",- deyə rəsmi məlumatda qeyd edilib.