Müzəffər ordumuzun Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Çaylı kəndini, Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı kəndlərini, Cəbrayıl rayonunun isə Qaracallı, Əfəndilər, Süleymanlı, Qışlaq və Sur kəndlərini işğaldan azad etməsi münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızı təbrik edib. Prezidentimizin bu tarixi qələbəninin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe hər birimizə böyük sevinc və qürur hissi yaşadıb. Bu tarixi müraciət həm də qəhrəman hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradıb.
Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi, strateji yüksəkliklərin götürülərək daha əlverişli mövqelərə sahib olmaq böyük qələbəmizdir.
Müasir əməliyyat planına uyğun olaraq qorxmaz əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirmişlər. Onlar həm maddi-texniki təchizat , həm də döyüş hazırlığı baxımından bu gün cəbhədə tam üstünlüyə sahibdir. Ordumuzun əsgər və zabitlərinin düşməndən fərqli olaraq yüksək mənəvi-psixoloji hazırlığa malik olması, ən əsası isə xalqla ordunun birliyi qələbənin əsas rəhni və etibarlı mənbəyidir.
Ali Baş Komandana və xalqa güvənən Silahlı Qüvvələrimiz tərəfindən, bütövlükdə Ermənistan ordusuna çox böyük zərbə vurulmuşdur. Aparılan döyüşlərdə düşmənin saysız-hesabsız hərbi texnikası, o cümlədən yüzlərcə tankı, özüyeriyən artilleriya qurğusu, piyadaların döyüş maşını, artilleriya batareyası, müxtəlif markalı zenit-raket kompleksləri, radiolakasiya stansiyaları və digər çoxsaylı avtomobil texnikası ordumuz tərəfindən məhv edilmiş və yaxud hərbi qənimət kimi götürülmüşdür.
Biabırçı vəziyyətdə məğlub olan və döyüş meydanından qaçan düşmən faktları saxtalaşdırır, öz xalqını aldatmaq üçün yalan danışır və hər vəchlə beynəlxalq aləmi aldatmaq istəyir. Atalar əbəs yerə deməyiblər ki, yalan ayaq tutar, yeriməz. Döyüşlərin obyektiv müşahidə mənzərəsi bu gün Azərbaycan Ordusunun cəbhədə qələbə əldə etdiyini və üstünlüyünü göstərir. Çünki Azərbaycan əsgəri öz doğma torpağında vuruşur və öz ərazisini azad edir. Azərbaycan əsgər və zabitindən fərqli olaraq Ermənistan silahlı qüvvələri işğalçılardır. Ona görə də düşmən əsgəri qorxudan dabanına tüpürüb qaçır, yad torpaqda ölmək və meyitinin qurd-quşa qismət olmasını istəmir.
Panikaya düşən düşmən ölkənin rəhbəri Nikol Paşinyan və onun qaniçən hərbi-siyasi "elitası” tamamilə özünü itirmiş, yeganə çıxış yolunu Azərbaycan torpaqlarından çıxmaq əvəzinə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarının ayağının altına yıxılır, utanmadan həyasızcasına imdad diləyir və yalvarırlar ki, onları yerlə-yeksan olmaqdan xilas etsinlər. Düşmən unutmasınlar ki, Azərbaycan xalqı artıq onlara öz yerlərini göstərib.
Bütün cəbhə boyu döyüşlərdə Azərbaycan Ordusu bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və təcavüzkar Ermənistanı sülhə məcbur edir. Artıq dünyada heç bir ölkə qüdrətli və qalib Prezidentimizin iradəsinə təsir edə bilməz. Biz haqq yoldayıq və qalib gələcəyik. Çünki bütün Azərbaycan xalqı öz müdrik Ali Baş Komandanının əzəli torpaqlarımızı geri qaytaracağına və ölkəmizin ərazi bütövlüyünü tam bərpa edəcəyinə inanır. Ən əsası isə xalq ilə ordumuz yekdildir.
Sərsəm Paşinyan hökuməti gec də olsa başa düşdü ki, münaqişənin yeganə həlli danışıqlar və sülh yoludur. Ona görə də etibarlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə düşmən yenidən baza prinsiplərini qəbul etməlidir. Bu isə o deməkdir ki, danışıqlar baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam etdiriləcəkdir. Qalib Azərbaycan Prezidenti İlham Əliyevin əzmi və qətiyyətli siyasəti və milli maraqlara sədaqəti böyük güclərin və Ermənistanın havadarlarının məğlubiyyəti ilə başa çatdı.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək və üçrəngli bayrağımız işğal edilmiş bütün torpaqlarımızda qaldırılacaq və şəhidlərimizin narahat ruhları şad olacaqdır.
Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Bayram MƏMMƏDOV,
Milli Məclisin deputat köməkçisi,
ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim