“Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”

"Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında noyabrın 9-da imzalanmış bəyanat birmənalı olaraq, işğalçının kapitulyasiyası, müzəffər Azərbaycan Ordusunun qələbəsi, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində suveren hüquqlarımızın tamamilə bərpa olunması deməkdir".

 

Bu sözləri Modern.az saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli deyib.

 

Millət vəkili qeyd edib ki, qardaş Türkiyənin dövlət başçısının və digər rəsmilərinin böyük qürur hissi ilə Azərbaycanın Ali Baş Komandanını, ordumuzu bu böyük zəfər və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması münasibətilə təbrik etmələri, bəyanatdan dərhal sonra Ermənistanda başlayan ixtişaşlar da işğalçı ölkənin rüzvayçı məğlubiyyətə uğradığını sübuta yetirir:

 

"Türkiyə ilə Rusiya arasında imzalanmış Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına dair Birgə Nəzarət Mərkəzinin yaradılması haqqında Memarandumun müddəalarından da görünür ki, proses Azərbaycanın elan etdiyi prinsiplərə və şərtlərə uyğun həyata keçiriləcək və sülhməramlı missiyada qardaş Türkiyənin prinsipial iştirakı təmin ediləcək”.

 

Azər Kərimli sözügedən bəyanatla bağlı sosial şəbəkələrdə reallığı əks etdirməyən müzakirələr açan, ictimai rəyə narazılıq toxumu səpməyə çalışan, yaxın narahatlığını ifadə edən bir neçə qrup insan var:

 

"Onlardan biri ənənəvi olaraq, hakimiyyətə qarşı əks arqument tapmağa cəhd göstərən Əli Kərimli və "Milli Şura” adlanan siyasi qrupun təmsilçiləri, Azərbaycanın qələbəsindən narahat olan siyasi mərkəzlərin nüfuz müvəkkilləri, digərləri isə hər gün torpaqlarımızın azad edilməsi ilə bağlı xəbərlər almağa, sevinc və qürur hissi keçirməyə alışmış və bunun davamlı olmasını arzulayan vətəndaşlarımızdır. Birincilər heç zaman düzəlməyəcəklər. Çünki onların bir hissəsi hətta Azərbaycan Ordusu hərbi əməliyyatları dayandırmasaydı, Qarabağın Ermənistanın kapitulyasıyası bəyanatında adları qeyd olunan rayonlarını da, hətta təcavüzkar ölkənin ərazisinə keçərək, Göyçəni, Zəngəzuru da azad etsəydi, yenə hakimiyyətə qarşı ittihamlar səsləndirmək üçün bəhanə axtarışına çıxacaqdılar. Digər hissə isə sahiblərinin verdiyi təlimatlara uyğun olaraq, heç nəyin fərqinə varmadan qaralama kampaniyalarını davam etdirəcəkdilər. Bu baxımdan da onlara əhəmiyyət verməyə dəyməz. O ki, qaldı qələbə xəbərlərinin bitməməsini arzulayan, qisasdan alışıb yanan vətəndaşlarımıza, onların hisslərini başa düşmək olar. Amma onlar da bilməlidirlər ki, bütün müharibələr bu və ya digər tərəfin üstün mövqedə dayandığı sülhlə başa çatır və indiki halda üstün mövqedə dayanan, diqtə edən, qalib gələn, ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycandır. Bu isə elə böyük sevinc, qürur hissidir ki, ömrümüzün sonunadək yaşasaq da bitən deyil”.

 

Azər Kərimli deyib ki, torpaqlarımızın azad edilməsi prosesinin əsasən, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi oktyabr ayına, Dövlət Bayrağı Gününü qeyd etdiyimiz noyabr ayına təsadüf etməsində də böyük bir məna yükü var:

 

"29 il öncə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, müqəddəs bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalandırıldı. Bu gün isə Konstitusiya Günüdür. Dövlətimizin ərazi bütövlüyü Konstitusiyamızın ən ali prinsiplərindən biridir ki, hazırda buna da nail olmuşuq. Bu baxımdan, Konstitusiya gününü də daha böyük sevinclə bayram edə bilərik”.  

 

Millət vəkili son olaraq, xalqımızı Konstitusiya Günü münasibəti ilə təbrik edib, hər birinə möhkəm cansağlığı, firavan həyat arzulayıb.