30 il ərzində Ermənistan–Azərbaycan münaqişəsində indiyə kimi ilk dəfə bu qədər geniş miqyasda, daha doğrusu bütün cəbhə boyu hərbi əməliyyatlar davam etdi. Bu gün ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Heç bir şübhə yoxdur ki, şanlı Azərbaycan Ordusu bütün torpaqları öz əzəli sahiblərinə-Azərbaycan xalqına qaytaracaqdır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycanın başqasının torpağında heç vaxt gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.
Bu gün biz artıq qılıncdan qələmə keçib, hərbi uğurlarımızı diplomatiya meydanında davam etdiririk. Azərbaycan hökuməti indiyə kimi münaqişənin sülh yolu ilə həlli üçün nə qədər çalışsa da, bu, mümkün olmadı. Reallıq da göz qabağındadır. İllərdir davam edən sülh danışıqları nəticəsizdir. Bundan sonra bu danışıqların davam etməsinin bizə heç bir xeyri yoxdur. Çünki Ermənistan tərəfi üst-üstə təxribatlar törədərək bu danışıqların əbəs olduğunu sübut etdi. Ötən gün Rusiya tərəfinin təşəbbüsü əsasında Moskva şəhərində son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar nəticəsində qəbul edilmiş "Humanitar atəşkəs"lə bağlı olan bəyanat artıq erməni tərəfinə verilən sonuncu şansdır. Hər kəs bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Buna görə də mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Ölkə başçısının da vurğuladığı kimi, təmas xətti deyilən anlayış yoxdur.
Məlum
olduğu kimi, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu
saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya
olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən ilhaqına nail olmaq idi. Lakin Prezident İlham Əliyev qəti siyasi
iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu
sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut
etdi.
Cənab
Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına
qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə,
əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan
dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli
maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın
milli maraqları ölkə başçısı üçün ən ali dəyərdir.
Azərbaycan
hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın
danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin
danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü
il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt
çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı
qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7
şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün
danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli
sürür. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "Ermənistanın
baş naziri bizə qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı
qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs
rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək
çətindir. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın
tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni
zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik.
Buna görə də bu
günədək aparılan siyasət, atılan adımlar, o cümlədən sentyabrın 27-dən başlayan
əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq
edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir
düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Bununla da
erməni tərəfi birdəfəlik dərk etməlidir ki, atəşkəs sülh deyil və qarşıdan
gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından
geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində
həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.
ANAR MƏMMƏDOV
MİLLİ MƏCLİSİN DEPUTATI