"Bu gün Azərbaycan faktiki olaraq iki cəbhədə amansız düşmənə qarşı savaş aparır. Bunlardan biri torpaqlarımızı işğal altında saxlayan işğalçı Ermənistan ordusuna qarşı, digər isə heç də işğalçı ordudan da az təhlükəli olmayan gözəgörünməz düşmən olmayan koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə aparır. Rəşadətli Azərbaycan ordusu bu gün cəbhədə tarixə qızıl hərflərlə şərəfli tarix yazmaqdadır. Xalq da qələbə naminə Ali Baş Komandan ətrafında sıx birləşib, birlik və həmrəylik nümayiş etdirməkdədir. Bu birlik qələbəmizi tezləşdirir. Lakin bu birliyi və həmrəyliyi gözəgörünməz düşmən olan koronavirus pandemiyasına qarşı mübarizədə istənilən səviyyədə deyil”.
Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Əliabbas Salahzadə deyib.
Millət vəkilinin sözlərinə görə, gözəgörünməz düşmənə qarşı mübarizədə lazımi səviyyədə vətəndaş məsuliyyəti sərgiləmədiyimizdən vətəndaşlarımız arasında virusa yoluxma sayı artmaqdadır. "Koronavirusa yoluxma sayının artmasına səbəb isə insanlarımızın pandemiya qaydalarına riayət etməməsidir. Nəticə etibarı ilə hökumət məcburiyyət qarşısında qalaraq respublikanın bir çox şəhər və rayonlarında karantin rejimini sərtləşdirmək barədə qərar qəbul etməli oldu. Sərt karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq həmin rayonlarda iş yerləri bağlandığından dövlət işləməyən insanlara social müavinət verməli olacaq. Bu da indki Vətən müharibəsinin getdiyi zamanda dövlətə əlavə sosial və iqtisadi yükdür. Digər tərəfdən isə dövlətin gücünü iki cəbhədə mübarizəyə yönəltməklə əsas hədəfdən diqqətini yayındırmış oluruq. Dövlətin və hamımızın səbrsizliklə Vətən müharibəsindəki qələbənin tezliklə və istədiyimiz nəticə ilə başa çatması üçün vətəndaş məsuliyyətimiz nümayiş etdirib gözəgörünməz koronavirus pandemiyasəna qarşı da eyni birliyi və həmrəyliyi nümayiş etdirməliyk. Gözəgörünməz düşmənə qarşı mübarizədə qələbə biz vətəndaşların hər birinin qaydalara ciddi əməl etməsindən keçir”- deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, bu gün ölkə çox böyük sınaq qarşısındadır və belə bir zamanda məsuliyyət hissi iki-üç qat artmalıdır: "Hərbçilərimizin yoluxma riskinin azaldılması üçün ilk növbədə bütün ərazilərdə qeyd olunan karantin qaydalarına kollektiv əməl etməliyik. Ona görə də kimsə özündə narahatlıq hiss edərsə, bunu gizlətməməli və mütləq həkimə müraciət etməlidir. Bununla da biz özümüzü, ətrafdakıları qorumaqla vətənpərvərlik hisslərini ortaya qoymuş olarıq. O baxımdan bu dövrdə daha çox ehtiyatlı olub ciddi qorunmalıyıq. Nəzərə alaq ki, COVID-19-a yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir. Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımız koronavirusla mübarizədə də birlik nümayiş etdirməlidir. Vətən müharibəsi ilə bağlı xalq olaraq göstərdiyimiz həmrəyliyi koronavirusla mübarizədə də göstərməliyik. Bu mübarizəyə isə özümüzü qorumaqla başlayaq. Heç kəs unutmasın ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Hazırda sıravi vətəndaşların orduya verəcəyi ən böyük dəstək də elə budur. Bununla həm özlərini, həm də hərbçiləri xəstəlikdən qorumuş olurlar. Odur ki, hazırda hər iki məsələ - insanların sağlamlığı və torpaqlarımızın işğaldan azad edilməsi dövlətin təhlükəsizliyi üçün önəmli məsələlərdir. Biz qorunma tədbirlərinə əməl etməklə dövlətimizə də, ordumuza da dəstək vermiş oluruq”.