Oğru dünyasında təlatüm - YENİ LİDER KİM OLACAQ? - AÇIQLAMA

Kriminal avtoritet, "Lotu Quli” kimi tanınan Nadir Səlifovun bu gecə Antalyada qətlə yetirilməsindən sonra "oğru dünyası”nda liderin kim olacağı ilə bağlı müzakirələr başlayıb.

Bundan sonrakı lider barədə "BakuPost”a danışan "oğru dünyası” və azərbaycanlı kriminal avtoritetlər haqqında çox sayda kitabın müəllifi olan Bəhram Çələbi bildirib ki, kriminal aləmdə liderin ölümündən, yaxud qətlə yetirilməsindən sonra yeni lider nüfuzlu avtoritetlərin razılaşması ilə müəyyənləşir:


"Yəqin ki, bundan sonra "qanuni oğru”ların "sxodka”sı olacaq, orda 1 nömrəni seçəcəklər. Amma bu indi ola bilməz, "Lotu Quli”nin dəfnindən sonra toplaşacaqlar. Açğı, Azərbaycandan kənarda yüksək şöhrəti olan "vorzakon” tanımıram. Bəlkə onların içində Vaqif Süleymanovu ("Vaqif Bakinski”) seçələr. Ancaq bu ehtimal çox azdır. Çünki Rusiyada daha tanınmış, nüfuzlu, samballı oğrular var. Çox güman ki, onlardan birini seçəcəklər”.

B.Çələbi "Lotu Quli”ni kimin öldürdüyü haqqında da fikirlərini bölüşüb:

"Təxminən fevral ayında Guram Çikladze demişdi ki, nəyin bahasına olur-olsun, "Quli"ni öldürmək lazımdı. Ən böyük düşməni də o idi, özü də açıq deyirdi ki, "Quli"ni mütləq öldürəcək, məhv edəcək.

Onun ölümü gürcülərin sifarişidir, ya deyil, bilmirəm, hələ açıqlanmayıb. Amma başından aldığı güllələr nəticəsində xəstəxanada rəhmətə gedib. Öldürən adam yəqin ki, pulunu alıb, işini görüb. "Qanuni oğru” heç vaxt özü kimisə öldürməz, bunu "killer” vasitəsilə ilə edirlər. Çünki onların əlinə silah alıb kimisə öldürməyə ixtiyarları olmur və bunu etmirlər də”.