Müzəffər
Azərbaycan ordusunun qısa müddət ərzində bir-birinin ardınca Silahlı Qüvvələrin
Ali Baş Komandanı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının
komandanlığı və rəhbərliyi altında qazandığı şanlı qələbələr
nəticəsində Füzulinin və Cəbrayılın ardınca Zəngilan elinin bir neçə kəndinin
və Zəngilan şəhərinin qaniçən və murdar düşmən tapdağından azad edilməsi
xəbərinin ildırım sürətilə bütün ölkəmizdə yayılması bütün Azərbaycan xalqı
kimi məni də hədsiz və sonsuz dərəcədə sevindirmişdir. Bu tarixi qələbəmiz
münasibətilə qalib prezidentimizi və bütün zəngilanlıları təbrik edirəm.
Bütün Azərbaycan xalqı yaxşı
bilir ki, 1988-ci ildən 1993-cü ilin oktyabrın 29-dək qəhrəman zəngilanlılar
bütün çətinliklərə, təhlükələrə, mərhumiyyətlərə və riyakar düşmənin amansız,
qəddar hiylələrinə və hücumlarına baxmayaraq doğma torpaqlarında son ana qədər
əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Və riyakar düşmənə öz
igidlikləri və mərdlikləri ilə qorxmazlığın və cəsurluğun əsl
nümunəsini göstərmişlər. Ermənilər Zəngilanda da Xocalı soyqırımını törətməyə
səy etsələr də Zəngilan alayının qəhrəman əsgər və zabitləri əsl vətənpərvərlik
nümunəsi göstərərək bütün zəngilanlılarla birlikdə düşmənin çirkin və mənfur
siyasətinin həyata keçməsinə imkan verməmişdir. Həmin çətin və dəhşətli anlarda
ümummilli liderimiz Heydər Əliyevin səyi, diqqəti və qayğısı nəticəsində İran
İslam Respublikasının prezidenti ilə aparılan danışıqlar nəticəsində Araz
çayının suyu azaldılmış və Zəngilanlıların Araz çayından İran İslam
Respublikasına keçərək təhlükəsizliyi təmin olunmuşdur. Həmin məşəqqətli
anlarda yüzlərcə qəhrəman döyüşçüləri və Zəngilanın mülki əhalisi faciəli
şəkildə həlak olsalar da, minlərlə zəngilanlı sağ-salamat, doğma vətəndə
dövlətimizin qayğısı və köməyi sayəsində yaşayıb- yaratmış, ölkəmizin
inkişafına öz layiqli töhfələrini vermişlər.
Mənim atam və əmilərim
1-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişlər. Əmilərim döyüşlərdə
yaralanmış və müharibə əlilidirlər. Mənim doğma dayım Hüseynov Ramiz
Mürvət oğlu da 1-ci Qarabağ müharibəsində Qubadlı uğrunda gedən son döyüşlərdə
1993-cü il avqusutun 30-da qəhrəman kəşfiyyatçı kimi həlak olmuşdur.
Bugün mən də bütün zəngilanlılar kimi mənəvi cəhətdən özümü rahat
hiss edirəm. Ona görə ki, Zəngilanın azad edilməsi və yaxın günlərdə də Qubadlının
azad ediləcəyi xəbəri ilə bütün şəhidlərimizin və eyni zamanda mənim dayımın da
narahat və nigaran ruhları azad olacaqdır.
Bir
daha gözünüz aydın olsun, mənim doğma Zəngilan elim!
Yaşasın
qalib prezidentimiz, müzəffər və şanlı ordumuz!
Zəngilan
bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Səbinə Xasayeva
Milli Məclisin deputatı