Qızılağac kəndinin bitməyən problemi - Şamil Məmmədov haqda ilginc faktlar

Masallı rayonu Qızılağac kənd sakinləri icra nümayəndəsi olmuş, hazırda bələdiyyə üzvü işləyən Məmmədov Şamil Abdulhüseyn oğlundan şikayətçidirlər. Redaksiyamıza daxil olan şikayət ərizəsində qeyd olunur ki, əvvəllər həbsdə olmuş kənd sakini Ş.Məmmədov 2012-ci ildə qaranlıq yollarla Qızılağac kəndinə icra nümayəndəsi təyin edilib. "O, bələdiyyədə çalışdığı müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək saxta arayışlar tərtib etmiş və qeydiyat kıtabına qeyd etməmişdir. 15.08.2012 ci ildə vəfat etmiş Ağabalayev Hüseyin Merdan oğlunun adına 01.10.2013, 30.09.2014 cu il üçün 203,51 AZN olmaqla saxta kart çıxarmış və pulu mənimsəmişdir. Bundan əlavə o, Bakı və Qızılağac kəndində yaşayan çox imkanlı adamların adna onların xəbəri olmadan 100-dən çox saxta arayışlar yazmış və pul kartlarını özündə saxlamaqla vəsaitləri mənimsəmişdir. 

Şamil Məmmədov bələdiyyə seçkisində iştirak etmək üçün namizədliyini irəli sürmüş, amma 3 dəfə həbsdə olmasını sənəddə qeyd etməmişdir. Buna baxmayaraq o, bələdiyyə sədri ola bilmişdir", deyə rayon sakinləri qeyd edirlər. Bildirilir ki, Ş.Abdullayev vəzifə səlahiyyətlərindən istifadə edərək kənd əhalisinə məxsus 160 hektar örüş sahəsini "Azərsun” şirkətinə uzun müddətli olmaqla (bir hektar torpaq üçün 200 (iki yüz ) AZN) müqavilə ilə satıb. 2014-2019-cu illər ərzində "Azərsun” şirkəti tərəfindən ödənilmiş vəsaitin taleyi məlum deyil. 5 il üçün ödənilən pulun məbləği 160 min manat edir. "Kəndimizin bərbad gündə olan yol və küçələri təmir edilmir. Soruşanda ki, ödənilən pullar hara xərclənib, deyir ki, bunun sizlərə heç bir aydiyəti yoxdur. 

Hər yerdə deyir ki, "arxası" güclüdür. Rayon icra hakimiyyətinə edilən şikayətlərin nəticəsi yoxdur", deyən Qızılağac kənd sakinləri ölkə Prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyirlər. Onların yeganə xahişi Şamil Məmmədovun həm Qızılağac kənd icra nümayəndəsi, həm bələdiyyə sədri, həm də bələdiyyə üzvü kimi çalışdığı müddətdə fəaliyyətinin araşdırılması və ona hüquqi qiymət verilməsidir.